Azərbaycanda ilk dəfə geniş həcmli, 30 minə yaxın söz və söz birləşməsini özündə ehtiva edən “Tibbi Terminlərin İzahlı Lüğəti” kitabı işıq üzü görüb. 2007-ci ildən etibarən toplanılan tibbi terminlər mənalarına görə latın və yunan dilində transkripsiyaları mövcudluğuna görə verilməklə özündə həmçinin bir çox yeni tibbi terminlərin izahını da birləşdirir. 29 noyabr 2022-ci il tarixində “Bakı Kitab Mərkəzi”ndə önəmli dövlət rəsmiləri, ictimai xadimlər, tibb üzrə fəaliyyət göstərən bir çox professor, mütəxəssis və müəssisə rəhbərlərinin iştirakı ilə qeyd edilən kitabın geniş təqdimat mərasimi baş tutacaqdır.


Tibb elminin sürətli inkişafı, yeni sahələrinin yaranması və bu sahədə yaranan yeni terminlərin toplanmasını, onların sistemləşdirilməsini tələb edir. Azərbaycan dilində böyük həcmli elmi bazanın toplandığı “Tibbi Terminlərin İzahlı Lüğəti” kitabını bu xüsusiyyətlərinə görə ölkəmizin tibb elmi üçün böyük nailiyyət hesab etmək olar. Ana dilimizin zənginləşməsi, ondan geniş istifadə ilə bağlı dövlətin apardığı məqsədyönlü siyasətin davamı olan bu kitab “Tibbi terminlər və onların izahı” (488 səhifə) və “Tibbi-labarator terminlər və onların izahı” (722 səhifə) adlı 2 hissədən ibarətdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmaqla yanaşı bu sahədə fəaliyyət göstərən mütəxəssislərin masaüstü kitabı kimi də çox faydalıdır.


Qeyd edək ki, Azərbaycan tibb elmi üçün əvəzsiz mənbə rolunu oynayan bu kitabın müəllifi tibbi elmləri doktoru, professor, əməkdar həkim Kənan Yusif-zadədir. Professor Kənan Yusif-zadə ABŞ Klivlend Klininkasının Kolorektal Cərrahiyyə Departamentində - doktorantura, Holandiyanın Maastrixt İdarəetmə Məktəbində - MBA, ADA Universitetində Executive MBA, Azərbaycan Tibb Universitetində tibb üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildən etibarən Bakı Ali Neft Məktəbində Professor vəzifəsində “Fundamentals of Civil Defence and Medical Aid” fənnini tədris edir. Eyni zamanda “Leyla Medical Center”də ümumi cərrah və qastroenteroloq kimi fəaliyyət göstərir. 2018-ci ildən etibarən “Azərbaycan Respublikası Hərbi Cərrahlar İctimai Birliyi”nin təsisçisi və sədridir. 1 ixtiranın, 1 faydalı modelin, 6 kitab, 100-dən çox elmi məqalə və tezisin, dünya şöhrətli bir sıra tibbi jurnalların redaksiya heyətinin üzvüdür. Həmçinin 44 günlük Vətən Müharibəsində həkim-cərrah kimi fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.


Qeyd edək ki, kitab təqdimatında daha ətraflı məlumat almaq, müəlliflə müsahibə və intervyular üçün mətbuat nümayəndələrinin iştirakı sərbəstdir.