Elon Musk "Twitter"i satın almaq üçün müqaviləni yekunlaşdırdıqdan sonra "Tesla" səhmləri 12 faiz azalaraq 17 aylıq minimuma enib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, elektrikli avtomobil istehsalçısının səhmləri bazar ertəsi Nyu Yorkda 5 faiz ucuzlaşaraq 197,08 dollara düşüb. Bu, 2021-ci ilin iyun ayından bəri ən aşağı səviyyədir. Bu azalma "S&P 500" İndeksindəki itkilərə ən böyük töhfə verən göstərici olub.


"Tesla" səhmləri bu il itkilərlə mübarizə aparır, çünki bazarlar əsasən riskli aktivlərdən qaçır. Lakin son eniş əsasən şirkətin baş direktoru Elon Maskın "Twitter"i alması ilə bağlı olub. Oktyabrın 27-də Musk, "Twitter" müqaviləsini yekunlaşdırdıqdan sonra platformada etməyi planlaşdırdığı dəyişikliklərlə bağlı intensiv twitlər yazmağa başlayıb. "Tesla" səhmləri o vaxtdan bəri yüzdə 12 dəyər itirərkən, "Nasdaq 100" İndeksindəki azalma yüzdə 1,9 olub. "S&P 500" indeksində ciddi dəyişiklik baş verməyib.