Facemark.az platformasının təsisçisi Rafiq Hunaltayın Facemark.az-ın yaranmasının 11-ci ili münasibətilə yazdığı köşə yazısını təqdim edirik!
Facemark.az online biznes platformasının yaranmasının nə az, nə çox düz 11 ili tamam olur. 11 il öncə bu gün, 21 oktyabr 2011-ci ildə minbir əziyyətlə saytın planını, texniki birifini yazdıq. Beynimizdə heç bir plan, gələcək haqqında tam təsəvvür olmasa da çox inanırdıq ki, ölkəmiz üçün faydalı bir iş görürük. Bu gün isə artıq 1 ilə yaxındır ki, rəsmi olaraq illik 10-dan çox böyük biznes tədbirlər təşkilatçısı və biznes media orqanı kimi fəaliyyət göstəririk.
İlk olaraq sayt tematik marketinq saytı kimi fəaliyyətə başladı. Bizə xəbər göndərmələri üçün bütün şirkətlərə dayanmadan müraciət edirdik. O ərəfə özüm də korporativ şirkətlərdə çalışdığımdan çox da vaxt etmək olmurdu, amma bu işi sevirdim deyə, gecələr dayanmadan 2-3 il tək özüm kontent yaratmışam, tərcümələr etmişəm, saytın tam fəhləliyini etmişəm demək olar ????
11 il ərzində 3-cü dəfədir saytı rebrendinq etmişik. Son 2 ildir tematik marketinq saytından ümumi biznes saytına keçid etmişik. Bu ilin yanvar ayında isə tamam yeni konseptdə fəaliyyətə başlamışıq. Biz artıq media və biznes tədbirlər təşkilatçısı kimi MMC olaraq da ilin əvvəlində qeydiyyatdan keçdik. Bu gün illik 11 böyük biznes tədbirin ya təsisçisi, ya da təşkilati partnyoruyuq.
Gələn ay sonuna kimi də inşallah biznes media olaraq press kimi də Medianın İnkişafı Agentliyi-dən qeydiyyatdan keçəcəyik. Artıq orada da işlər tamamlanmaq üzrədir. Bu müddət ərzində isə 50-dən çox beynəlxalq festivalda, forumda ölkəmizi media partnyor olaraq təmsil etmişik.
Məni tanıyanlar bilir ki, xatirələrə bağlı adamam. Mənim üçün doğma Facemarkın ilk quruluşundan bugünə kimi olan hər fayl, kağız, cızma-qaranı saxlayıram. O gün də arxivdən bəzi kağızları tapdım. Onları da paylaşıram ki, yenə xatirə kimi qalsın, facebook xatırladar.
Bu müddət ərzində ölkəmizdə Facemark olaraq 30-dan çox forum keçirdik. FMR TV saytımızda indiyədək keçirilən forumlara baxmaq istəsəz, dayanmadan 2-3 aylıq video kontent var. Ən böyük problemimiz öz dilimizdə kontent azlığı idi ki, biz 11 ildir bu işə öz töhfəmizi vermək üçün çalışırıq.
Bu gün ölkə biznesində çalışan çox insanın yolu Facemark-la kəsişib. 2011-ci ildən 2021-ci ilə kimi ölkəmizin marketinq sferasının əli qələm tutan hər kəsin iştirakı ilə 4 seriyada "Bugünün Marketinqi" kitablarını buraxdıq. Tam əminliklə deyə bilərəm ki, 10 illik arxivimiz bu kitablardadır. Burada yazısı olanlar facemark.az-da 10 il ərzində köşə yazısı yazan menecerlər, iş adamları, sahibkarlardır. Bir zaman ciddi araşdırmalar üçün bu seriya kitablarımızın istinad olacağına əminəm.
2011-ci ildə Facemark ilk yarananda ölkənin ilk məntiq olimpiadısını keçirdi. Daha sonra Boğaziçi Universiteti ilə müqavilə imzaladıq və 3 il boyunca hər il 30-dan çox tələbəni ora yay təcrübə proqramına göndərdik. İlkində özüm də iştirak etdim, bugün biznes dünyamızda önəmli vəzifələrdə olan dostlarımız var ki, həmin proqramdan məzun olublar.
Dünyanın ən böyük reklam festivallarından biri olan Cannes Lions-da da ilk olaraq ölkəmizdən Facemark.az olaraq təmsil olunduq. 3 il ard-arda iştirak etdik. Bütün bunlar öz gücümüz, öz həvəsimizlə baş verdi. Kənardan kimsədən dəstək almadan, dəstək gözləmədən, addım-addım irəlilədik. Dəyərli dostlar sayəsində bir-birimizə faydalı olmağı, bir-birimizlə paylaşmağı əsas deviz tutaraq bu 11 ildə bacardığımız qədər böyüdük.