• Dünyada baş verən mürəkkəb qlobal geosiyasi proseslər, dünya iqtisadiyyatında qeyri-müəyyənlik fonunda qlobal əmtəə bazarlarında, o cümlədən ərzaq bazarlarında yüksək qiymət dinamikası müşahidə olunur..


• Qeyd edilənlər, habelə COVID 19 pandemiyasının mənfi təsirlərinin tam bitməməsinə baxmayaraq cari ilin ötən dövründə Azərbaycan iqtisadiyyatında müsbət proseslər davam etmiş, yüksək iqtisadi artım templəri müşahidə olunmuş, xarici ticarət balansında böyük həcmli profisit qeydə alınmışdır. • 2022-ci ilin yanvar-iyun aylarında 2021-ci ilin yanvar-iyun aylarına nisbətən ÜDM real ifadədə 6,2 faiz artmış və cari qiymətlərlə 63,4 milyard manat, adambaşına düşən ÜDM isə 5,7 faiz artaraq 6304,9 manat və ya 3708,8 ABŞ dolları təşkil etmişdir. Hesabat dövründə ÜDM-ə əsas artırıcı təsir 6,1 faiz bəndi ilə qeyri neft-qaz sektorundan formalaşmışdır.


• 2022-ci ilin yanvar-iyun aylarında neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 9,6 faiz artmışdır. Qeyri neft-qaz sektorunun artımına əsasən nəqliyyat və anbar təsərrüfatı, qeyri neft-qaz sənayesi və turizm yüksək artırıcı təsir göstərmişdir.


• 2022-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6299,6 milyon manat və ya 2021-ci il ilin müvafiq dövrü ilə müqayisədə 0.7 faiz çox vəsait yönəldilmişdir. Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 18,5 faiz artmışdır.


• 2022-ci ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş investisiyaların 35,7 faizi və ya 2250,1 milyon manatı neft-qaz sektoruna, 64,3 faizi və ya 4049,5 milyon manatı isə qeyri neft-qaz sektoruna yönəldilmişdir.


• 2022-ci ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 27,4 milyard manat olmaqla 2021-ci ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 4,4 faiz artmışdır. Hesabat dövründə pərakəndə ticarət dövriyyəsinin həcmi 22520,3 milyon manat (2,9 faiz real artım), ictimai iaşə dövriyyəsi 650,9 milyon manat (53.8 faiz real artım), əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4189.6 milyon manat (7,4 faiz real artım) olmuşdur.


• 2022-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri 19,9 faiz artaraq 32959,7 milyon manat və ya hər nəfərə orta hesabla 3279,6 manat təşkil etmişdir. • 2022-ci ilin yanvar-may ayları üzrə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin nominal orta aylıq əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,0 faiz artaraq 825,3 manat təşkil etmişdir.


• Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsinin həcmi 24836,2 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 18479,2 milyon ABŞ dolları və idxalın həcmi isə 6357,0 milyon ABŞ dolları olmuşdur. Cari ilin yanvar-iyun aylarında qeyri neft-qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,4 faiz artaraq 1457,6 milyon ABŞ dolları olmuşdur.


• 2022-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz artaraq 14205,5 milyon manat, dövlət büdcəsinin xərcləri isə 11,6 faiz artaraq 12936,6 milyon manat olmuşdur. Nəticədə 2022-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin icrası zamanı 1268,9 milyon manat büdcə profisiti yaranmışdır.


• Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 30.06.2022-ci il tarixinə 30.06.2021-ci il tarixi ilə müqayisədə 14,2 faiz artaraq 7,4 milyard ABŞ dolları olmuşdur. İyun ayının sonuna ümumi valyuta ehtiyatları 54,2 mlrd. ABŞ dolları təşkil etmişdir.