22 iyul tarixində Caspian Plazada "Afandi Business Club"ın təşkilatçılığı ilə sahibkarlar üçün "Şəxsi reputasiya və Korporativ İmic. İctimaiyyətlə əlaqələrdə yeni trendlər" seminarı keçiriləcək. Spiker qismində 10 ildən çox təcrübəsi olan İctimaiyyətlə əlaqələr və yeni media üzrə mütəxəssis Anar Əskərov olacaq.
Rəqəmsal dünyada trendlərin sürətlə yeniləndiyi bir dövrdə müştərilərin, investorların, alıcıların diqqətini cəlb etmək və onların qarşısına çıxmaq çox vacib və çətin məsələdir. Keçirilən araşdırma göstərir ki, müştərilərin 81%-i qərar verməzdən öncə internetdə axtarış edir. Onların 78%-i onlayn nəticə və rəylərə inanır. Qısası, bir sahibkar üçün diqqət cəlb etmək nə qədər vacibdirsə, rəqəmsal dünyada uğurlu brend olaraq tapılmaq və dayanıqlı korporativ reputasiyaya sahib olmaq bir o qədər vacibdir.
Resurslarına qənaət etməklə uğurlu şəxsi reputasiya və korporativ imic qurmaq, inkişaf etdirmək və ən əsası onu qorumaq üçün nə etmək lazımdır suallarına cavab axtaranlar 22 İyul saat 10:30-da Caspian Plaza "Lotfi Zadeh Technology Center"də keçiriləcək seminara dəvətlidir.
Bu seminarda iştirak etməklə sahibkarlar və rəhbərlər aşağıdakı mövzularda yeni trendlərlə tanış olacaqlar:
• Şəxsi brendin/CEO brendin müasir trendlərə və yerli dəyərlərə uyğun qurulması qaydaları;
• Şəxsi brendin/CEO brendin şirkətin korporativ imicinə uyğunlaşdırılması yolları;
• İşçi brendini düzgün inkişaf etdirməklə uğurlu korporativ imicə nail olmağın yolları;
• Reputasiya risklərinin vaxtında aşkarlanması və analizi (social listening) nəticəsində böhran hallarının idarə olunması qaydaları.
Tədbirdə iştirak ödənişsizdir. Linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.