2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət, iaşə və pullu xidmət sahələrinin inkişafı 2022-ci ilin yanvar-mart aylarında ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 2.375,1 milyon manatlıq əlavə dəyər yaradılmış və onun ÜDM-də xüsusi çəkisi 7,9 faiz təşkil etmişdir.
Hesabat dövründə əsas kapitala yönəldilmiş bütün vəsaitin 0,7 faizi (16,0 milyon manat) ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinə sərf edilmişdir. 2021-ci il martın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı iqtisadiyyatın neft-qaz sektorunda 31,3 min nəfər, qeyri neft-qaz sektorunda isə 1.650,8 min nəfər olmuş və onların 18,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində cəmlənmişdir. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2022-ci ilin yanvar-mart aylarında ölkənin pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılan malların həcmi 10.998,4 milyon manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,1 faiz artmışdır. İstehlak mallarının 28,3 faizi ticarət müəssisələrində, 48 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 23,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 365,1 manatlıq və ya 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 47,8 manat çox əmtəə almışdır.
Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qida məhsulları, içkilər və tütün məmulatları 6.212,3 milyon manata bərabər olmuş və 2021-ci ilin müvafiq dövrünün səviyyəsini 2,6 faiz üstələmişdir. Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi isə 4.786,1 milyon manat olmuş və əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 3,7 faiz artmışdır.
2022-ci ilin yanvar-mart aylarında hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 206,2 manatlıq qida məhsulu, içki və tütün məmulatı, 158,9 manatlıq isə qeyri-ərzaq malları almışdır. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 56,5 faizi ərzaq məhsulları, içki və tütün məmulatının, 15,2 faizi toxuculuq malları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağı, 4,7 faizi elektrik malları və mebelin, 2,4 faizi əczaçılıq və tibbi malların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları, çap məhsullarının, 14,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
aşə xidməti 2022-ci ilin yanvar-mart aylarında əhaliyə 288 milyon manatlıq iaşə xidmətləri göstərilmişdir. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 48,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 51,9 faizi isə fərdi sahibkarların payına düşmüşdür. Hesabat dövrü ərzində hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi 2,1 dəfə artaraq 137 milyon manat təşkil etmişdir. Pullu xidmətlər 2022-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən pullu xidmətlər real ifadədə 5,2 faiz artaraq 2.112,3 milyon manata çatmışdır. Hüquqi şəxslər tərəfindən əhaliyə 1.584,2 milyon manat dəyərində xidmət göstərilmişdir ki, bu da ümumi xidmətlərin 75 faizini təşkil edir. Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 210,4 manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,6 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə etmişdir.
Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi