Facemark.az "Balli Bisi" şirniyyat evinin təsisçisi Esmira Avilova ilə müsahibəni təqdim edir!



1. Salam, Esmira xanım. Zəhmət olmazsa, sizi daha yaxından tanıyaq. Bu sahəyə gəlişiniz necə baş verib?


Salam. İxtisasım əslində ingilis dili müəllimliyidir. 2 il müəllim işlədikdən sonra özümü bu peşədə görmədim və uzun zaman başqa-başqa sahələrdə özümü sınamağa başladım. Sonra sağlamlığım ilə bağlı problemlərim yarandı və evdən çıxmadan hansısa bir işlə məşğul olmaq qərarına gəldim. Həmişə qonaqlarıma fərqli dekorlu şirniyyatlar hazırlamağı sevirdim və sevdiyim işi biznesə çevirmək şansım oldu.



2. “Balli Bisi” brendinizin hədəf auditoriyası və bazardan gözləntiləri nədir?


Biznesi qurarkən konkret bir hədəf kütləsi müəyyənləşdirməmişdim, sadəcə bir məqsədim var idi “sıradan” olmamaq. Bu fikir əslində bizim hədəf kütləmizi özü formalaşdırdı. Çox vaxt şirkət olaraq bunun çətinliyini yaşayırıq, çünki getdikcə alıcının istəklərini qarşılamaq çətinləşir və bizdən gözləntiləri daha da artır.



3. Məlum olduğu kimi Azərbaycanda tort dizaynerliyi ilə məşğul olan kifayət qədər şirkət var, rəqabət artdıqca bu sizə hansı formada təsir edir? Hansı yenilikləri həyata keçirirsiniz?


Onu qeyd edim ki, şirkətlərin artması məni heç vaxt narahat etməyib, əksinə mənim üçün sevindirici haldı. Çünki rəqabət əslində bazara yenilik və daim nə isə etmək məcburiyyəti gətirir. Bir növ bizi olduğumuz yerdə uzun müddət dayanmağa imkan vermir. Biz də öz sahəmizdə daimi dünya trendlərini izləməyə məcbur oluruq, hardasa yeni bir texnika varsa təlimlərə gedirik, onu öyrənib öz işimizdə tətbiq edirik.



4. “Ballı Bisi”ni bu sahə üzrə fəaliyyət göstərən digər şirkətlərdən hansı amillər fərqləndirir?


Keyfiyyət bizim şirkət üçün ən önəmli prinsipdir. Bəzən ətraf təsirləri nəticəsində büdrədiyimiz zamanlar olur, çünki istehsalat sahəsi ölkəmizdə yeni bir sahədir. Hansısa avadanlıqların, xammalın ölkəyə gətirilməsində çətinlik yaşayırıq və bu bəzən keyfiyyətə təsir edir. Amma əminliklə deyə bilərəm ki, ölkə daxilində əlimizdə olan imkanlarla maximum keyfiyyətli iş ortaya çıxarırıq.



5. Azərbaycanda biznesinizin gəldiyi hazırki vəziyyəti necə qiymətləndirirsiniz?


Onu deyə bilərəm ki, hər il şirkətimiz üçün bəlirli bir biznes planı hazırlayırıq. Bu uzunmüddətli və ya qısamüddətli planlar ola bilir. İndiyə kimi özümüz üçün müəyyən etdiyimiz bütün hədəflərə çatmışıq. Düzdür, pandemiya və müharibə hər kəsdə olduğu kimi bizim planlarda da geriləməyə səbəb oldu. Ancaq bu səbəblərə baxmayaraq şirkət olaraq düzgün planlama və idarəetmə ilə rəqib şirkətlərdən daha irəlidə olduğumuzu düşünürəm.



6. Sizcə, böyük şirkətlərdə uğura təsir edən amillər hansılardır? “Ballı Bisi”nin inkişafını və uğurlarını nə ilə əlaqələndirirsiniz?


Ən böyük təsir edən amil davamlılıqdır. İstənilən sahədə davamlılıq olmasa uğur əldə etmək çətindir. “Balli Bisi”nin uğur qazanmasında ən önəmli səbəb onun daim yenilikçi olması və davamlı şəkildə öz üzərində işləməsidir.



7. Qarşıdakı dövr üçün əsas hədəflərinizi bölüşə bilərsinizmi?


“Balli bisi” ilk gündən daim böyümə hədəfli olub. İndi də hər dəfə məqsədə çatdıqca daha böyük hədəflər formalaşır. Təbii ki, ölkədən kənara çıxmaq və bir brend olaraq dünyada tanınmaq hədəfimiz var, çünki bizim sahəmiz yaradıcılıq tələb edən sahədir və ölkədə yetəri qədər istedadlı gənclər var. Bundan sonrakı hədəfimiz onları və şirkətimizi dünyada tanıtmaqdır.



8. Sosial media hesablarınızda çox rəngli və maraqlı ideyalarla zəngin postlar diqqət çəkir. Maraqlıdır, yeni tort dizayn ideyalarını necə yaranır? İlham aldığınız hansısa mənbələr varmı?


Müasir dövrdə ətrafda gözümüzlə gördüyümüz hər şey bizə ilham verə bilər. Məsələn, heykəltaraş ancaq heykəl, rəssam ancaq rəsm çəkirdisə, indi heykəltaraş şkoladdan gilə bənzər bir material hazırlayaraq yeyilə bilən heykəllər hazırlayır. Rəssamın çəkdiyi illustrasiyalar bizim onu torta çevirməyimiz üçün fikir ola bilir. Əminliklə deyə bilərəm ki, bizim sahədə ideyalar sərhədsizdir və bütün peşələrdən detalları özündə cəmləşdirir.



9. Bu zamana fəaliyyətiniz ərzində hansı işinizi ən uğurlu və ən möhtəşəm hesab edirsiniz?


Seçim etmək çox çətindi, çünki hər birinə əmək sərf olunur. Kiçik işimizdən böyük işimizə qədər hər biri bizim üçün dəyərlidir. Amma ən yadda qalan işlərimizə bir neçə nümunə deyə bilərəm. Məsələn, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından ilhamlanaraq hazırladığımız “Yeddi gözəl” əsərimiz, Qarabağ müharibəsi zamanı hazırladığımız “Qarabağ” kolleksiyamız və çox yaxın zaman öncə ölkədə keçirilən “Chefs.az” çempionatında 4 qızıl və 4 gümüş medal alan əl işlərimiz buna daxildir.



10. Sizcə bugünki Azərbaycan müştərisinin marağı, tələbi və istəyi nədir? Müştəri məmnuniyyətini təmin etmək üçün nələr edirsiniz?


Düşünürəm ki, 5 il əvvəl ilə indini müqayisə etsək artıq insanlar üçün sağlamlıq daha ön plana keçib. Əvvəllər mağazadan istənilən şirniyyatı alıb yeyən müştəri indi onun tərkibini sorğulayır. Məsələn, son illərdə şəkərsiz, qlutensiz məhsullara təlabat artır. Bunun da səbəbi dünyada bir çox xəstəliklərin artması, süni qidalara daha çox yer verilməsidir. Əslində müştəri artıq yediyi məhsulun daha təbii məhsul olmağını istəyir. Müştəri məmnuniyyəti bizin üçün ən önəmli hadisələrdən biridir bunun üçün sorğular keçiririk, müştəri sifarişini təhvil aldıqdan sonra bir neçə gün içində onunla əlaqə saxlayırıq. İstər xidmət, istər məhsulun keyfiyyəti ilə bağlı məlumat alırıq.



11. İyun ayının 10-11 tarixlərində baş tutacaq Milli Marketinq Forumunda spiker olaraq çıxış edəcəksiniz. Forum haqqında təəssüratlarınız necədir? Hansı mövzuda çıxış edəcəksiniz?


Bu il Milli Marketinq forumunun devizi “Öz yolumuz”dur. Mən də şirkətimizdə keçdiyim öz yolumdan danışacam. Qeyd edim ki, mənim üçün çox qürurvericidir. Çünki şirkətimizin 8 yaşı var və belə bir qisa zamanda bu forumda spiker olaraq seçilmək mənim üçün çox önəmlidir.



12. Ölkəmizdə bu tip forumların keçirilməsini necə dəyərləndirirsiniz?


Çox müsbət dəyərləndirirəm. Çünki iş mühitində olan insanlar bir yerə toplaşa bilir və öz təcrübələrini bölüşür. Bilgi və təcrübə paylaşıldıqca hər kəs üçün daha faydalı olur.



Təşəkkür edirik!