Facemark.az “TEKNOFEST Azərbaycan” ofisinin Marketinq üzrə rəhbəri Ləman Ağayeva ilə müsahibəni təqdim edir:



1. Ləman xanım, “TEKNOFEST Azərbaycan” festivalına sayılı günlər qalıb. Hazırda müsabiqələrin gedişatı ilə bağlı son vəziyyət nə yerdədir?


Demək olar ki, çox güclü iş rejimində davam edirik. İki həftədən də az bir vaxt qalıb. Artıq "TEKNOFEST" ofisi olaraq Bakı Kristal Zala köçmüşük və təşkilatı işlər artıq məkanın özündə aparılır. Açılış və bağlanış ilə əlaqədar işlərə start verilib, sərgi zonasında tikinti işləri başlayıb, Kristal Zalın içində yarışmaçılar üçün zona hazırlanıb. Eyni zamanda paralel olaraq üç beynəlxalq tədbir üçün məkanlar hazırlanır, konsert proqmalarına hazırlıq işlərinə də start verilib.



2. “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı xəbərlər insanlar tərəfindən maraqla qarşılanır. Müsabiqələrin qeydiyyat prosesi necə keçdi, müraciətlərin sayı sizi qane edirmi?


Bildiyiniz kimi, "TEKNOFEST"in keçirilməsinin əsas məqsədi Bakı və regionda texnologiya sahəsinə marağı və təcrübəsi olan gəncləri kəşf etmək, tapmaq və lazımi dəstək verməkdir. Qeydiyyat dekabr ayının 15-dən başlayaraq fevral ayının 28-dək davam edib. 8 müsabiqə və 3 beynəlxalq yarışma üzrə qeydiyyat aparılıb: "Yaşıl Texnologiyalar", "Agro Texnologiyalar", "Sosial yönümlü texnologiyalar", "Pilotsuz uçuş aparatları", "Peyk modelləşdirilməsi", "Robotexnika", "Baku Skills", "Planer", "Smart Qarabağ Hakatonu", "Take off" startap sammiti, "Tekken7" və "Rocket League" üzrə Avropa Çempionatı. Bu qısa qoyulmuş vaxt ərzində 5000-dən çox gənc qeydiyyatdan keçib. 1000 komandaya yaxın məktəblilər, tələbələr, startaplar və sahibkarlar bura daxildir. Artıq birinci mərhələ bitib, ikinci mərhələ isə may ayının 22-də bitəcək. Məsələn, "Baku Skills" (3D printing) üzrə II mərhələ bitib və oradan məktəblilər arasında cəmi 25 komanda, tələbələr arasında isə 10 komanda finala çıxıb. Ümumilikdə, 11 yarışma üzrə 170 komandaya yaxın finala çıxacaq və bu o deməkdir ki, 5000-dən çox gənc cəmi 1000-ə yaxın finalçı sayıla bilər.



3. Texnologiya məzmunlu yarışlardan başqa “TEKNOFEST Azərbaycan” festivalı yerli vətəndaşlarımıza və paytaxtımızın qonaqlarına nə vəd edir?



Sözsüz ki, "TEKNOFEST"in əsas məqamlardan biri yarışmalar və beynəlxalq tədbirlərdi. Festivalın çox zəngin proqramı var. Gün ərzində yeddi dəfə azərbaycanlı və türk pilotların avia şouları nümayiş olunacaq. Dörd dəfə bütün dünyada tanınmış və şoularına bilet belə tapmaq olmayan reaktiv kostyumda uçan adam Riçard Brauninqin şouları, gün ərzində üç dəfə olmaqla tanınmış ispan idmançısı Lindsey Mcqeen-in su üzərində möhtəşəm şouları və üç dəfə Wind Turbine üzərində müxtəlif akrobatların şoularını misal gətirmək olar. Bundan başqa, səhər saat 10.00-dan, axşam saat 18.00-dək Azərbaycan və Türkiyənin dövlət qurumlarının, nazirliklərin və kommersiya şirkətlərin stendləri nümayiş olunacaq.


Festivalda 50 saat ərzində Smart Qarabağ Hakatonu keçiriləcək, Türk və Azərbaycan startaplarının iştirakı ilə bu 50 saat ərzində həmin komandalar Qarabağ üçün maraqlı innovativ həllər tapmağa çalışacaqlar. İkinci bizim beynəlxalq tədbirimiz - "Take off Startap" sammitidir. Burada dünyanın 6 ölkəsinin startapları tanınmış investorlara öz layihələrini təqdim edəcəklər. İki gün ərzində sammitdə maraqlı spikerlərin çıxışları gözlənilir.
Dörd gün ərzində 25-28 May tarixlərində "Tekken7" və "Rocket League" kiber oyunlar üzrə Avropa Çempionatı keçiriləcək. 27 Avropa ölkəsindən gənclər bu möhtəşəm tədbirdə iştirak edəcəklər.


Bundan başqa, hər axşam saat 18:00-dan 20:00-dək müxtəlif konsert proqramları keçiriləcək, Azərbaycanın tanınmış müğənniləri və musiqi qrupları iştirak edəcəklər. Bağlanış konsertində isə Türkiyənin tanınmış DJ Burak Yetər iştirak edəcək.



4. Hazırda Festivalda iştirak etmək istəyən şəxslər necə qeydiyyatdan keçə bilərlər? Bu tarix nə zamana kimi qüvvədədir?


May ayının 1-dən artıq ziyarətçilər üçün qeydiyyat başlayıb. 4 gün ərzində festival demək olar ki, hər gün eyni əyləncə proqramı ilə davam edəcək. Bu səbəbdən hər kəs yalnız 1 dəfə festivalı ziyarət edə biləcək. Yerlər məhduddur, bu səbəbdən qeydiyyatdan keçməyə tələsin. Ümumilikdə, bizim gözləntilərimiz belədir ki, günə 50 minə yaxın ziyarətçi festivalda iştirak edəcək.



5. Qaliblərin təltifolunma prosesi necə həyata keçiriləcək?



Qaliblərin təltifolunma mərasimi may ayının 28-i Müstəqillik Günündə keçiriləcək. Birinci yerlərin qaliblərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan böyük səhnədə təltif edəcək.


II və III yerlərin qaliblərini isə müsabiqələr üzrə əsas tərəfdaşlarımız, nazirlər, nazir müavinləri və qurum rəhbərləri təltif edəcək.



6. Bildiyimiz kimi “TEKNOFEST Azərbaycan” festivalı bu il ölkəmizdə ilk dəfə olaraq keçirilir. Bəs gələcək illərdə də keçirilməsi planlaşdırılırmı?


Bəli, planımızda var. Hər il olmasa da, bir ildən bir olaraq "TEKNOFEST" festivalını Bakıda təşkil etməyi düşünürük.



7. Son olaraq festivalda həm yarışmaçı, həm də iştirakçı olacaq gənclərimizə nələr demək istərdiniz?


İlk növbədə mən yarışmaçılara onu çatdırmaq istəyirəm ki, ümidlərini itirməsinlər. Onlar “TEKNOFEST Azərbaycan” festivalının ilk yarışmaçıları kimi öz adlarını tarixə yazdılar. Sözsüz ki, hamı qalib ola bilməz, onlar hələ gəncdirlər və belə yarışmalar onların həyatında çox olacaq. Bütün yarışmaçılarımıza nəticələrdən asılı olmayaraq iştirak barədə sertifikatlar veriləcək və onlar gələcəkdə Türkiyədə keçirilən "TEKNOFEST"də iştirak edə biləcəklər.


Festivalın bütün iştirakçılarına isə uğurlar arzu edirəm! Fürsətdən istifadə edib, “TEKNOFEST Azərbaycan”ın 80-ə yaxın tərəfdaşına öz təşəkkürümü bildirirəm və hamımıza TEKNOFEST-ın təşkilində bol uğurlar arzu edirəm!