"Son iyirmi ildə kənd təsərrüfatında qlobal işçi qüvvəsinin 17 % azaldığını nəzərə alsaq, gənclərin kənd təsərrüfatı sahəsinə cəlb edilməsi əhəmiyyətlidir".
Facemark.az "Report"a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” Beynəlxalq Konfransının Nazirlər üzrə Dəyirmi Masasında bildirib.
"Bundan əlavə, biz bu prosesi sürətləndirmək və düzgün inteqrasiyanı təmin etmək üçün gənclərlə işləməliyik, çünki onlar geniş rəqəmsal savadlılıq və innovativ həllərdən istifadə baxımından əhəmiyyətli üstünlüklərə malikdirlər.
Qlobal tərəfdaşlıqda da əsaslı transformasiya müşahidə olunmalıdır. Bir neçə mühüm qlobal siyasət çərçivələri vardır ki, onların bir hissəsi kimi səmərəli əməkdaşlıq edirik. Strategiyaları real fəaliyyətə çevirməliyik. Azərbaycan hökuməti FAO, AEBA, Dünya Bankı, Aİ, BMT İnkişaf Proqramı, İFAD və digər nüfuzlu beynəlxalq təşkilatlarla kənd təsərrüfatı sahəsində səmərəli əməkdaşlığı yüksək qiymətləndirir. Azərbaycan etibarlı beynəlxalq tərəfdaşdır və bütün nailiyyətlərini və təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır", - deyə o, qeyd edib.