Facemark.az "NES Fircroft" şirkətinin ölkə üzrə direktoru, MİRF2022 spikeri Fəzilə Əsgərova ilə müsahibəni təqdim edir.



1. Fəzilə xanım, öncəliklə sizi təbrik edirik. MİRF2022-də ilk dəfə olaraq keçirilən "Xalqın spikeri" müsabiqəsinin qalibi seçildiniz. Bu barədə təəssüratlarınızı bölüşərdiniz.


Təşəkkür edirəm, təəssüratlarım mükəmməldir. Təvazökarlıqdan uzaq səslənə bilər, amma gözlənilməz olmadı. Daha çox ölkəmizdən kənarlarda mənim təlimlərimdə iştirakçı olan Gürcüstan, Rusiya və Qazaxstandakı həmkarlarımın və dostlarımın mənə verdikləri dəstək çox dəyərli oldu. Ümid edirəm ki, bəhz edəcəyim mövzu forum iştirakçıları üçün maraqlı olacaq.



2. Azərbaycanda HR xidmətinin səviyyəsi və bu sahənin inkişafı ilə bağlı vəziyyət nə yerdədir? Nələri düz etmirik? Son vaxtlar cəmiyyətdə insan resurslarının idarə olunması istiqamətində hansı işlər görülüb?


Zənnimcə İR konsepsiyası bir çox yerli şirkətlər tərəfindən tam qəbul edilmir. Bura daxildir:


İRİE - Kadrlar kargüzarlığı


İşəqəbul prosesinin bütün mərhələlərini tətbiqi – tövsiyə edilmiş və ya tanış namizədlərə üstünlük verməklə işəqəbul prosesi


Karyer planlamasının olmaması


İstedadlarla işin təşkilinin çox aşağı səviyyədə olması


Xarici İR Məsləhətçi şirkətlərini cəlb etməklə qısa müddətli nəticələrə nail olmaq


Loyallıqla təşkilatda illərlə passiv işçi qismində fəaliyyət göstərməyə davam edən işçiləri qarışdırmaq halları


Son zamanlar müxtəlif İR istiqamətində maarifləndirmə və təlim işlərini həyata keçirən şirkətlərin işini təqdirəlayiq qiymətləndirirəm.



3. Gələcəyin İR üçün ən mühüm rollardan birinin məhz istedadların idarə edilməsi olacağı bildirilir. Niyə bu istedadlar şirkətlər üçün mühüm əhəmiyyət kəsb edir?


Məncə İRİE istiqamətində prioritet hesab oluna biləcək bir sıra istiqamətlər vardır, onların ilki və ən önəmlisi, düzgün işəqəbul prosesi və adaptasiyadir. Eyni zamanda sizin qeyd etdiyiniz istiqamətin təkmilləşməsi üçün şirkətlərdə öncə dəyərlər olmalı və o dəyərlər şirkət işçilərinə düzgün şəkildə aşılanmalıdır. Yalnız bundan sonra növbəti mərhələlər və onların sırasında istedadların idarə olunmasından danışmaq olar.



4. Gələcəkdə digər istehsal amillərinin necə davranacağını proqnozlaşdırmaq mümkün olsa da, insan resurslarının davranışını proqnozlaşdırmaq çətindir. Bu haqda nələr deyə bilərsiniz?


Bəlkə də təkrar kimi səslənəcək amma mənim fikrimcə, həm bu gün və həmçinin gələcəkdə insan resurslarının davranışını düzgün proqnozlaşdırmaq üçün şirkətin korporativ mədəniyyəti olmalı, vakansiyaya tam uyğun olan insanlar işə götürülməli, işə götürüldükdən sonra onların maksimal potensiallarını aşılaması üçün şərait olmalıdır. Bəzən verəcəyimiz sadə qərarlar bizi çox böyük risklərdən (bu konkret halda İR risklərindən) qurtarmış olur.



5. Müasir çağda şirkətlərin nə qədər uğurlu olduqları ənənəvi yanaşmalarda olduğu kimi sadəcə iqtisadi sərmayə ilə deyil, eyni zamanda intellektual sərmayə ilə də ölçülür. Bu zaman İR mütəxəssislərinin üzərinə düşən rol nədən ibarətdir?


Əslində İR peşəkarlarının üzərinə düşən rolun ilk növbədə şirkət rəhbərliyinin onların fəaliyyətinə verdiyi dəstək ilə birbaşa bağlıdır. Bu dəstək olarsa İR peşəkarları zamanın diktə etdiyi yanaşma dəyişikliklərini daha rahat icra edə bilərlər.



6. Hazırda ən çox hansı xarici mənbələri izləyərək biznes və xüsusən İR sahəsində yeniliklərdən, trendlərdən xəbər tutursunuz?


CİPD üzvü olaraq, onların nəşrlərindən bir sıra qlobal İR hublarındakı yenilikləri bacardığım qədər izləməyə çalışıram. Son 2 il ərzində bu, yalnız pandemiya nəticəsində baş vermiş trendlərdir.



7. Aprel ayının 16-sı Milli İnsan Resurları Forumunda spiker olaraq çıxış edəcəksiniz. Bu haqda danışaq biraz. Hansı mövzulara toxunacaqsınız?


Çıxış edəcəyim panelin “Əmək bazarında daha çox hansı kadrlara ehtiyac duyulur” mövzusu altında formalaşdığını əsas tutaraq bir qədər şəxsi brend və şəxsi netvorkinqdən bəhs edəcəm, hansı ki, gənclərə, hətta təcrübəli namizədlərə belə müsahibəyə qədər özlərini potensial işəgötürənlərə layiqincə tanitmaqlarına yardım edəcək.



8. Forumdan gözləntiləriniz nələrdir?


İstənilən forumdan ən əsas gözlənti yenilikləri eşitmək və onların dərhal tətbiqini mümkün edə biləcək tövsiyələrlə tanış olmaqdır. Hər kəsə uğurlar arzu edirəm!





Müsahibə üçün təşəkkürlər!