Facemark.az Milli İnsan Resursları Forumunun layihə rəhbəri Cabir Süleymanlı ilə müsahibəni təqdim edir:



1. Cabir bəy, ölkəmizdə 5-ci dəfə keçiriləcək Milli İnsan Resursları Forumu haqqında danışaq. İnsan resursları sahəsində forum təşkil etmək ideyası necə yaranıb?


İR sahəsində forum ideyası 2015-ci ildə elə başqa bir forumda iştirak edərkən yaranıb. Mən özüm də İR sahəsində çalışırdım və hazırda Almaniyada yaşayan dostumuz Murad Malik ilə başqa bir forumda iştirak edirdik. Forumdan sonra HR-ların bir tədbiri varmı, harada bir araya yığışırlar sualı ilə məsələ başladı. O zaman davamlı olaraq belə bir tədbir keçirilmirdi. Elə həmin söhbətin davamı olaraq 2015-ci ilin dekabr ayında ilk dəfə Milli İnsan Resursları Forumunu keçirməyə başladıq.


2. MİRF2022 də bizi nələr gözləyir, nə yeniliklər olacaq? Bu barədə məlumat verərdiniz.


MİRF2022-də yeniliklərimizdən biri odur ki, əvvəlki forumlarımızda 3 panel olurdu. Bu il isə 2 panel və 1 praktiki məşğələ olacaq. Bütün zalı, təxminən 300-400 nəfərlik auditoriyanı bir vörksopda işin içinə qatmağa çalışacağıq. Digər bir yenilik kimi spikerlərimizdən birinin ictimaiyyət tərəfindən seçilməsi mexanizmini yoxlayacağıq. Eyni zamanda bu il yeni tərəfdaşlarımız var. Facemark.az, BMS və HR Option şirkətləri təşkilati komanda olaraq bizimlədir. Bundan əlavə olaraq, hər zamankı kimi kiçik sürprizlər, əyləncələr, hədiyyəli aktivliklər təşkil ediləcək.


3. MİRF-in illərdir layihə rəhbəri olaraq forumun mənfi və müsbət tərəfləri haqqında nələr deyə bilərsiniz?


Müsbətlərdən başlayım. Düşünürəm ki, MİRF-in ən önəmli müsbət cəhətlərindən biri səmimi atmosferin olmasıdır. Hər zaman spikerlərimizin də, təşkilatçıların da, iştirakçılarımızın da özlərini rahat hiss etmələri üçün bir mühit yaratmağa çalışmışıq. MİRF-in davamlı inkişaf etdirilməsinə çalışan biri kimi deyə bilərəm ki, mənfi cəhət kimi forumdan sonra şəkillərdən və xoş xatirələrdən başqa bir nəticə qoya bilmirik. Bu il bu istiqamətdə bir addım atacağıq. Tədbirdən sonra səslənən fikirlər və təhlillərin nəticəsini bir sənəd halında yayımlamaq fikrimiz var.


4. Milli İnsan Resurları Forumunu digər forumlardan hansı amillər fərqləndirir?


O fərqi gərək yaşayasınız. Görmək istəyən isə gəlib iştirak edərək görə bilər. Qeyd etdiyim kimi hər zaman daha səmimi olmağa, təşkilati məsələlərə, hər detala fikir verməyə çalışırıq. Başqa elə bir fərqimiz yoxdur.


5. Biraz da spikerlərdən danışaq. Ümumi neçə spiker nəzərdə tutulub? Spikerlər hansı kriteriyalara əsasən seçilib? Ən çox hansı sahənin mütəxəssislərini dəvət etmisiniz?


Bu il 2 panel və bir vörkşop olacaq. İki panel üzrə 2 moderator və 8 spikerimiz olacaq. Bir nəfər moderatorumuz isə vörkşop idarə edəcək. 7 spiker və moderatorlarımızı təşkilati komanda olaraq biz dəvət etmişik. Bu ilki konseptimiz olan “Axına qarşı” ilə beyin köçü mövzusunu ələ almaq üçün İR sahəsində peşəkarlığı ilə tanınan, təcrübəli şəxsləri dəvət etmişik.


6. Forumdan nə kimi gözləntiləriniz var və hazırlıqla bağlı təşkilati işlər hansı mərhələdədir?


Forumdan gözləntimiz odur ki, hər zamankı kimi xoş ab havada keçsin. Davamlı inkişaf prinsipi ilə əvvəlki əskiklərimizi təkrarlamayaraq daha yaxşısını etməyə çalışırıq. Mən forumlarda iştirakın əsas faydasını əlaqələrin qurulması və daha da möhkəmləndirilməsində, fərqli fikirlərlə tanış olmaqda görürəm. İnanırıq ki, iştirakçılarımıza bu istiqamətdən faydalı olacağıq.


7. Sizcə Milli İnsan Resurları Forumunun yerli şirkətlərə və ümumillikdə bazara nə kimi faydaları olacaq?


Yerli şirkətlərimiz öz insan resurslarını foruma göndərməklə onların əmək bazarındakı yeniliklərlə tanış olmasından, bu ilki konseptimiz istiqamətindəki çıxışlardan işçilərin şirkətlərə loyallığını artırmaq, onları şirkətdə saxlamaq üçün ən müasir fəaliyyətləri öyrənmələrindən faydalana bilərlər. Əmək bazarına faydası olaraq onu deyə bilərəm ki, hər il bizim forumdan sonra şəxsən mənim tanıdığım xeyli insan ya yeni iş tapır, ya yeni iş təklifi alır. Digər tərəfdən baxsaq, uzun zamandır əməkdaş axtaran İR rəhbərləri özünə yaxşı əməkdaş taparaq, insan resursları sahəsinin həmkarları bir-birinə daha yaxın olur.


8. Forumda iştirak etmək istəyən insanlara və oxuculara nələr demək istəyərdiniz?


İştirak etmək istəyənlərə demək istəyirəm ki, sizi çox maraqlı bir tədbir gözləyir. Biletiniz üçün bu gündən qeydiyyatdan keçin, çünki hazırda erkən qeydiyyat vaxtıdır və biletlər 5 aprel tarixinə qədər daha ucuzdur. Hər birinizi 16 apreldə Milli İnsan Resursları Forumunda gözləyirik.




Müsahibə üçün təşəkkür edirik!