Facemark.az az büdcə ilə biznes quran, ''BookMall'' kafenin yaradıcısı Elçin Qənbərli ilə müsahibəni təqdim edir.


1. Elçin bəy, sizi daha yaxından tanıyaq.


Mən Elçin Qənbərli. 1999-cu ildə Beyləqan Rayon Kəbirli kəndində anadan olmuşam. 2015-ci ildə İqtisad Universitetinə daxil olmuşam və burada həm bakalavr, həm magistr təhsili almışam. 2017-ci ildə öz şəxsi biznesimin - "Bookmall" kafenin əsasını qoymuşam. Hazırda fəaliyyətimiz kitabxana&kafe olaraq davam edir.


2. Çətinliklərə və risklərə baxmayaraq, öz biznesini qurmaq istəyənlərin sayı ildən ilə daha da artır. Necə oldu ki, bu biznesə başlamalı oldunuz? Niyə məhz kitab?


Mən ikinci kursda oxuyarkən bəzi dərsliklərimi aşağı kurslara sataraq başlamışam. Bu məndə "kitab sataraq pul qazanmaq olar" düşüncəsini yaratdı. Zamanla daha da təkmilləşdirdim və bədii kitabların satışına keçid aldım.


3. Kitab bazarında uğurlu olmağın, inkişaf etməyin sirri nələrdir?


Kitab bazarında uğur qazanmaq üçün gərək özün də yaxşı bir oxucu olasan. Çünki insan bilmədiyi məhsulu sata bilməz.


4. Azərbaycan oxucusu sizcə ən çox hansı janrda kitablara üstünlük verir? Və buna səbəb nədir?


Azərbaycanda oxucular əsasən detektiv və şəxsi inkişaf janrında oxuyurlar. Mən isə ən çox klassik kitablar oxuyuram.


5. Kiçik bizneslər qurmaq üçün gənc dostlarımıza hansı məsləhətləri verə bilərsiniz?


Hər kəsin bir potensialı var və həmin potensialı tapdıqdan sonra onun üzərində işləmək lazımdı. Sırf hansısa sahədə yaxşı qazanc var deyə başlasan qısa müddət ərzində yolundan dönəcəksən. Amma əsas məqsədin pul qazanmaq yox, müəyyən işləri ortaya qoymaq olduqda düşündüyündən daha yaxşı pullar qazanacaqsan. Sevdiyiniz və bacardığınız işi görmələrini məsləhət görürəm.


6. Kitab biznesini digər bizneslərdən fərqləndirən amillər hansılardır?


Kitab biznesi elə bir biznesdir ki, sən insanlara satış edəndə sadəcə kağız və mürəkkəb yox, yeni bir dünya satmış olursan.


7. Müasir dövr kompüter əsridir, hər kəs kitabı telefon, planşet, və kompüter vasitəsilə oxuyur. Belə bir zamanda BookMallara maraq qane edicidir mi?


Texnologiya nə qədər inkişaf etsədə, kitabları əvəz edə bilməz. İnsanların elə məhz texnologiyadan qaçarkən sığınacaqları kitablardır.


8. Gələcək planlarınızdan danışaq biraz. Nələr planlaşdırırsınız? Kitab biznesi üzrə davam etmək niyyətinizdəsiz ya dəyişmək?


Gələcəkdə bu sahədə irəliləmək, hər təhsil ocağının yaxınlığında ''Bookmall''un filialını açmaq istəyirik. İnanıram ki, bunu bacaracağıq.


9. Azərbaycan gəncində kitaba sevgini, mütaliəni necə sevdirmək olar?


Bunun üçün əlimizdən gələn qədər çalışırıq. Kitab müzakirələri, müəyyən tədbirlər keçiririk. Məncə bu, təkcə biz kitabçıların yox, bütün oxucuların etməli olduğu bir işdir.


10. Bəs maraqlıdır, özünüz gün ərzində neçə saat kitab oxuyursunuz?


Mən özüm işimlə əlaqədər həftəyə 1 kitab oxuyuram.