FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012- də istifadə olunacaq 65 Hyundai avtomobilinin təhvil verilməsi üçün AFFA-nın baş qərargahı münasib məkan olub.


Bu tədbir 22 Sentyabrda başlayan tarixi turnirə hazırlıqlar çərçivəsində atılan önəmli bir addım idi.

 FIFA və YTK nümanyəndələri, həmçinin, Hyundai Motor Company-nin yerli distributor nümayəndələri bu yarışmada yerüstü nəqliyyat vasitəsi kimi istifadə olunacaq avtomobillərlə yaxından tanış olublar.


YTK-nın Marketinq direktoru Cavid Qarayev FIFA nümayəndələri və komanda rəsmilərinin rahat, komfortlu şəraitdə səyahəti üçün yaratdığı şəraitə görə Hyundai Motor Company-yə öz dərin təşşəkürünü bildirib. “Hyundai avtomobilləri ilə təmin olunmağımız FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin daha möhtəşəm bir turnirə çevrilməsində YTK-ya yardımçı olacaq. Biz, hamımız bütün 16 komandanın gənc ulduzlarına öz istedadlarını nümayiş etdirmək məqsədilə gözəl idman şəraiti yaratmağa çalışırıq”.


Yerli Hyundai Motor Company-nin Maliyyə direktoru Ziya Babayevin sözlərinə əsasən, yarışma üçün ayrılan 65 Hyundai avtomobili YTK-nın işlərində böyük yardımçı olacaq. “Biz turnir üçün Hyundai -ın ən tanınmış markalarını ayırmışıq və əminik ki, lüks modelli Hyundai Equus və Genesis-lə yanaşı universal Hyundai Santa Fe-nin istifadəsi YTK-nın nəqliyyat tələbatını turnirə yaraşacaq ən yüksək şəkildə ödəmiş olacaq”.


Hyundai Motor Company 2002-ci ildən bəri FIFA-nın Dünya Çempionatlarını və digər tədbirlərini avtomobillə təmin etməklə sadiq partnyor olduğunu sübut edib.Yenicə Yaponiyada başa çatmış FIFA U-20 Qadınlararası Dünya Çempionatına dəstəyin ardınca FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin avtomobillə təmin olunması Hyundai Motor Company-nin qadın futbolunun beynəlxalq səviyyədə inkişafında FIFA-ya dəstək məqsədilə öz üzərinə götürdüyü öhdəliyi nə dərəcədə yerinə yetirməsinin göstəricisidir.