Bu yazıda biznesdə ayaq açıb yeriyən, o qədər də maneə ilə üzləşməyən, eyni zamanda saxta hesab etdiyim tezislərə münasibət bildirirəm. Bunlar o tezislərdilər ki, bunların köməkliyi ilə ya hansısa qrup məsuliyyəti öz üzərindən atmağa çalışır, ya da hansısa hərəkətinə “haqq qazandırır”.


1) Sistem yaxşıdırsa, rəhbərin kim olmasının çox da əhəmiyyəti qalmır.


Bu boyda da absurd olar? Əlbəttə ki, sitemin möhkəm və işlək olması şirkəti hansısa fərdlərin asılılığından qurtarır. Amma bu o demək deyil ki, rəhbərin kim olmasının fərqi yoxdur. Bunlar hər ikisi vacib şərtdir.
Misal olaraq dövləti götürək. Demək olar ki, bütün dövlətlərin qanunvericiliyi bənzərdir, yaxşı işləməyə imkan verir. Bu qanunların işləməsini təmin edən rəhbərə ehtiyac yoxdurmu?


2) İşlədiyin şirkətə bütün hallarda loyal olmalısan. Niyə? Loyallıq dediyimiz şey birtərəfli olmaz. Heç kim kiməsə və ya nəyəsə loyal olmaq məcburiyyətində deyil. Şirkət işçisinə şərait yaratsın, ona sahib çıxsın, şirkəti işçinin özününkü kimi qəbul etdirsin, sonra loyallıq gözləsin.


O başqa söhbət ki, ya loyal olacaqsan, ya da şirkəti tərk edəcəksən. Buna görə də işçinin iş yerini dəyişməsinə hər zaman normal baxmaq lazımdır. İşlədiyi şirkət onun karyera məqsədlərinə uyğun gəlmirsə, işçi niyə dayansın ki orda?


3) Liderlər anadangəlmə lider kimi doğulur. Belə bir şey yoxdur. Lideri şərait yetişdirir. İnsanın aldığı tərbiyə, ətrafındakı insanların bilik səviyyəsi, həyat tərzi, maraqları və s. digər amillər liderin formalaşmasına gətirib çıxarır.


4) Demokratik idarəetmə bizim üçün deyil. Bu, “xalqımız demokratiyaya hazır deyil” cəfəngiyyatından fərqlənmir mahihyyətcə. Bu barədə ayrıca bloq yazım var: http://abayramov.wordpress.com/2012/02/17/demokratik-idar%C9%99etm%C9%99-bizim-ucun-deyil/


5) Biznes kitabları Azərbaycan üçün deyil. Bu sözlə də çox rastlaşırlar biznes kitabları oxuyanlar. Necə Azərbaycan üçün olmaya bilər axı? Azərbaycanda olsa-olsa mühit fərqli olar. O kitablarda da mühitin fərqli olması inkar edilmir. Özü də fikir vermisinizsə, bu sözü deyənlər əsasən bir dəfə də olsun kitab oxumayanlardır. J


6) Bir şirkətin rəhbəri başqa sənaye sahəsində rəhbər işləyə bilməz. Bunu əsasən onunla əlaqələndirirlər ki, guya rəhbər üçün həmin sənaye sahəsini, məhsulu bilmək bir nömrəli şərtdir. Belə deyil! Şirkətin rəhbəri menecerliyi, liderliyi bilsin. Budur əsas şərt. Texniki bacarıqlardan və məhsulu bilməkdən daha çox konseptual bacarıqların yüksək səviyyədə olması birinci dərəcəlidir. O şeylər ki, ilk növbədə mühəndislərdən tələb olunmalıdır (məhsulu, istehsalı, texnologiyanı bilmək), onları şirkət rəhbərindən gözləmək doğru deyil.


Əlbəttə ki, yaxşı rəhbər işin içinə girəndən sonra məhsulu da biləcək və bu şərtdir.


7) Əsas praktikadır. İşləyib öyrənəcəm. Heç nə öyrənməyəcək. Olsa-olsa həmin işi “öyrənər”, o da yarımçıq. Hər dəfə yeni situasiya görəndə çaşıb qalacaq, sual verəcək və s.


8) Yaxşı məhsulun reklama ehtiyacı yoxdur. Belə bir şeyin olmadığını marketerlər, reklamçılar dəfələrlə izah və sübut ediblər. İki yaxşı şirkətdən biri məhz yaxşı olduğuna görə reklamı dayandırsa, digərindən ən azı reklama görə geri qalacaq, bir müddətdən sonra isə heç yada düşməyəcək.


9) Linkedin şəbəkəsi Azərbaycan üçün deyil. Bunu iddia edənlər əsasən Linkedinin real imkanlarını bilməyənlərdir. Və ya Linkedinə “iş tapmaq saytı” kimi baxanlardır. Linkedindən normal qaydada istifadə edərək yeni müştərilər, təchizatçılar, işlər, işçilər, məlumatlar və s. tapmaq mümkündür və bunun real nümunələrini görmüşəm.