Müasir dövrdə istər yaradıcılıq, istərsə də kommersiya məqsədli istənilən ciddi və perspektivli işin auditoriya tərəfindən düzgün qəbul edilməsi üçün öndə gələn şərtlərdən biri doğru ad seçimidir. Bu, istənilən layihə ola bilər: yeni yazdığınız kitab, şəxsi bloq və ya saytınız, yaxud da hər hansı biznes fəaliyyətiniz. Bu zaman ilk təqdimat və reklam işlərini asanlaşdırmaqdan ötrü düzgün ad seçiminə - neyminqə (naming) diqqət etmək gərəkdir.


Bu anlayış bizim üçün tam ənənəvi bir üsul sayılmadığına görə adətən biznesə yeni başlayanlar ad seçimini özləri etməyə başlayırlar. Belə olduqda çox zaman ortaya standart və təəccüblü olmayan adlar çıxır. Bu baxımdan ciddi bizneslər bu işi neyminq xidməti ilə məşğul olan şirkətlərə həvalə edirlər. Hansı ki bu işlə mütəxəssislər məşğul olur və biznes sahiblərinə fəaliyyət seqmentinə və profilinə uyğun adlar təqdim edirlər. Son illərdə ölkəmizdə də bu iş üzrə fəaliyyət göstərən bir sıra şirkətlər yaranmağa başlayıb. Bəs öz işinizi yenicə qurmusunuzsa və bu işə ayıra biləcək qədər vəsəitiniz yoxdursa, nə edə bilərsiniz? Bununla bağlı bir neçə tövsiyə xarakterli məlumatları qeyd etmək istərdim:


1. Seçilən ad maksimum formada ideyanıza uyğun olmalıdır. Bunun üçün isə ad axtararkən sadəcə özünüz fikirləşərək və internetdə axtarış edərək tapmağa çalışmayın. Ətrafınızdakı insanlardan (hətta sizin təşəbbüslə birbaşa əlaqəsi olmasa da) məsləhət almağa çalışın. Daha sonra qeyd edilən adlar arasından uyğun seçimi edin.


2. Seçdiyiniz adın düzgün və anlaşılan səslənməsinə diqqət edin ki, daha sonra domen və səhifə adınızın reklamı ərəfəsində çətinliklə üzləşməyəsiniz.


3. Əgər biznesiniz lokal xarakterlidirsə (restoran, dükan, şəxsi bloq və s.), daha çox milli adlara üstünlük verin. Adətən müştərilərə tanış adlar daha xoş və maraqlı olur.


4. Layihənizi beynəlxalq miqyasda nəzədə tutursunuzsa (sayt, tətbiqetmə və s.) bu zaman qısa və yazıldığı kimi oxunan sözlərdən istifadə edin. Yuxarıda da qeyd etdiyim kimi, qeyri-dəqiq seçim tələffüz vaxtı sizə çətinlik törədəcək və qarşı tərəfin ifadəni doğru anlamamasına gətirib çıxaracaq


5. “Name generator” saytlarının ödənişsiz və premium xidmətlərindən yararlanın. Bununla bağlı bir çox sayt ingilis dilində müvafiq açar sözləri daxil etməklə sizə yardımçı olacaq. Hətta bəzilərində sadə loqolar da istifadəçiyə təqdim olunur.


Ümid edirəm ki, bu tövsiyələr bir çox yeni başlayan təşəbbüskarlar üçün müəyyən qədər də olsa faydalı olacaq. Onu da bir daha vurğulayım ki, daha uğurlu və fərqli nəticə əldə etmək istəyənlərə bu yazdıqlarım o qədər də kömək etməyəcək və onlar üçün neyminq şirkətlərinə müraciət daha effektli olacaq.



Orxan Məmmədov