Bəzən saniyələrin – 24 kadrın sıralandığı 1 saniyənin rolu dəqiqələrdən də önəmli olur. Buna xüsusilə videoreklamlarda tez-tez rast gəlinir. Müasir reklam canlı orqanizmdir, daim dəyişir, yenilənir, təkmilləşir. Videoreklam işində təcrübəsi olan hər kəs bilir ki, reklam çarxlarının hazırlanmasında mühüm əhəmiyyət daşıyan bir element kimi pakşot diqqəti cəlb edir.



Reklam çarxı özü-özlüyündə dinamik prosesdir, çoxlu sayda kadrların montaj stilinə tabe edilən növbələşməsidir, sıralanmasıdır. Kadrların axarının ritmi rejissorun istəyinə uyğun həll olunur. Burada da hər cür dramaturgiyaya xas olan giriş, süjet xətti, kulminasiya, razvyazka və final vardır. Çünki reklam çarxı qısametrajlı olsa belə, onun vədləri və mesajları məntiqi bütövlüyə məhkumdur.



Bu yazıda bizim məqsədimiz reklam çarxının final hissəsidir. Buna pakşot deyirlər. Rus dilində stopkadr kimi səslənir. Mən ssenarilərimdə həmişə bu hissəni KADR DONUR kimi yazıram. Adət etmişəm.


Pakşot mağazada, rəfdə məhsulu daha yaxşı tanıtmaq üçün məhsulun reklam və ya digər media məcralarında imicini göstərmək üçün istifadə olunan resursdur, ümumiyyətlə, məhsulun hərəkətsiz və ya hərəkətli vizual görüntüsüdür. Hər halda müasir təriflərdən biri belə səslənir.


Çünki istər dinamik axışdan, istərsə də son kadrın donaraq durmasından sonrakı 2-5 saniyə eyni funksional əhəmiyyət daşıyır. Əvvəlan, donan kadrda nələr olmalıdır?



Birincisi, bu kadrın tələbi məhsul və ya markanın loqosunun əks olunmasıdır.


İkincisi, pakşotda mütləq məhsul və ya məhsullar öz yerini tutmalıdır.


Üçüncüsü, yazı ilə markanın və ya məhsulun sloqanı son kadrda özünə yer alır.


Dördüncüsü, konkret satış mesajının olmasıdır.


Bunların sayəsində markaya diqqət cəlb olunur, markanın mesajı vurğulanır, qablaşdırma qabarıq göstərilir. Bəzi hallarda sonda musiqili jingl elementi ilə müşayiət olunur ki, bu da qısa zaman çəkməsinə baxmayaraq, xoş vizual və audio effekti yaradır.


https://www.packshot.com/videography/product-video/


Pakşotun daha bir özəlliyi də ondan ibarətdir ki, sonra outdoor və indoor vizuallar məhz onun bazasında qurulur. Bu da reklam kampaniyalarına və ya aksiyalarına bütövlük bəxş edir. Nəticədə isthlakçı özünün müstəqil qərar verməsi üçün ondan ötrü ən zəruri informasiyanı biçimli, tam və oturuşmuş paketdə alır. Bu da öz növbəsində müştərilərdə öz seçimlərində daha inamlı olmaq və marka ilə bağlantı qurmaq üçün çox zəmin yaradır.



Pakşotun daha bir özəlliyi də ondan ibarətdir ki, onun avtoşot versiyasını da tətbiq etmək olur. Belə ki, əgər reklam çarxında məhsul, sonra onun istehlakçısı görüntüyə gəlirsə, son kadr istehlakçının məhsuldan istifadəsi məqamında donur. Bu da pakşotun avtoşot təzahürü kimi dəyərləndirilir və məhsul ilə istifadəçinin bağlantısını gücləndirir. Belə ki, müştəri özünü konkret obrazla müqayisə edə və onun nümunəsindən faydalana bilir. Bu da əslində çox inandırıcı təsir bağışlayır.


https://www.packshot.com/videography/product-video/


Əslində pakşot üçün ticari təklif də xarakterikdir. Bu təklif nə qədır cəlbedici olsa – həm söz, həm səs, həm də vizual olaraq – diqqəti o qədər tez cəlb edəcək, məhsulun və ya markanın tanıtımını hafizədə dərin kök salmağa yönləndirəcək, təkrar gördükdə, müştəri markanı daha doğma duyğularla xatırlayacaqdır, burada təəssürat alışqanlığı özünü daha qabarıq təcəssüm etdirəcəkdir.


Digər tərəfdən də pakşot görüntüsü çox keyfiyyətli, aydın, gözəgəlimli olmalı və 2-5 saniyə ərzində müştəridə ən xoş təəssüratlar yaratmalıdır. Məhsul gözəl görünməli, ani olaraq diqqətdə dərin iz buraxmalıdır.



Ekspertlər belə hesab edirlər ki, kadrarxası səs diqqətlə seçilməlidir. Bəzi müştərilərin görmə problemləri ola bilər, onlar gözlərini qıyana kimi, pakşotdakı kadrarxası diktor səsi öz müsbət rolunu oynamalıdır. Musiqinin seçilməsi də pakşot üçün önəmlidir. Çünki saniyələrin musiqisiz keçməsi diqqətin yayınmasına səbəb olacaqdır. Odur ki, pakşot uzun reklam çarxının və ya kreativ pakşotun canlandırılmasında önəmli rol oynayır.



Ekspertlərin fikrincə, pakşotun hazırlanmasına dizayner, marketoloq və rejissor bərabər çalışmalıdırlar. Önəmlisi budur ki, kadr çox yüklənməsin. Hər şey öz yerində olsun: ticari mesaj, məhsul, loqo, sloqan, vəssalam şüttamam...


Yeni ildə uğurlarınızın çox olması diləyi ilə,


Teymur Məmmədov,


Marketinq üzrə konsultant,


Adver.az