Hazırda 2020-ci ilin son günlərini yaşayırıq. Bu il bir çox məsələlər ilə yaddaşlarda qaldı. Yaxşı və ya pis il olması barədə bir fikir yürütməyəcəm, çünki fərqli şəxslərdə fərqli düşüncə var. Lakin qarşıdan gələn 2021 baxdıqda İnsan Resurslarında bir çox trendlərin olacağı indidən məlumdur.
Nədir bu trendlər?
1) Biznesin ümumi vəziyyəti çətin olacaq. Məlum olduğu kimi koronavirus dalğası əksəriyyət biznesləri zədələdi. Bundan öncəki bloqlarda bu dövrdə İnsan Resurslarının üzərində düşən vəzifələri qeyd etmişdim. Yəni 2021 də virus dalğası bitsə belə ümumi vəziyyətdə çətinlik olacaqdır. Hətta ayaqda qalan bizneslərdə belə işçilərin özündə demotivasiya və ruh düşkünlüyü olacaq, bu da özü özlüyündə iş prosesinə təsir edəcəkdir. İnsan Resursları əməkdaşları məhz bu amillərin olmaması üçün maddi və qeyri/maddi motivasiya alətlərindən istifadə edərək əməkdaşların ruh yüksəkliyini təmin etməlidir.
2) Əmək bazarında hər zaman olduğundan çox kadr çatışmazlığı olacaq. Ümumiyyətlə yaxşı və dəyərli kadr çooox azdır. Bunu işə qəbul sahəsində işləyən şəxslər daha aydın hiss edir. İl olub 2020 hələ də düzgün CV qaydalarına əməl etməyənlər kifayət qədərdir. Əmək bazarı 2015-ci ildən bəri sözün əsl mənasında peşəkarlara ehtiyac duydu. Çünki neft amilinin azalması “köpük” bizneslərini dağıtdı, peşəkarlara ehtiyac yarandı. Yəni ki, İnsan Resurslarının əmək bazarından peşəkar şəxslərin cəlb edilməsi prosesi çətinləşəcək. Yaxşı kadr, yaxşı şərait və əmək haqqı istəyir. İdeal iş yerinin yaradılması isə İnsan Resursları əməkdaşlarının fəaliyyət göstəricisindən asılı olacaqdır.
3) İşdən çıxma meyilləri, mərkəzdən qaçma meyilləri nisbətən artacaqdır. Yəni obrazlı desək kim işçisini indiki dövrdə incidirsə vəziyyət biraz düzələn kimi o yaxşı iş tapan kimi şirkəti tərk edəcək. Ona görə işçiyə zopanın gücü ilə yox məhz dilin gücü ilə, şirinliklə danışmaq lazımdır. Şirkətdə problem varsa bunu aydın izah etmək lazımdır. Yoxsa ki, görürsəndə səni işdən çıxartmırıq biz bomba şirkətik deməklə sadəcə işçi yox saatlı bomba qoymuş olursunuz. Bu kimi amillərin aradan qaldırılması məhz İnsan Resursları əməkdaşlarının üzərinə düşür.
4) İnsan Resursları “Kadrların idarə edilməsi” kimi təsəvvür edilməsi tendensiyası hələ də var. İR bölməsinin (şərti olaraq) fəaliyyəti tək kadrları rəsmiləşdirmək yox, onu təlimləndirmək, düzgün işə qəbul siyasəti qurmaq, kadrlara yönəlik sistemlər qurmaq kimi öhdəlikləri özündə cəmləşdirir. Bu qəlibdən çıxmalıdır İnsan Resursları əməkdaşları. Yoxsa sahə inkişaf etməyəcək.
5) İnsan Resursları hər il olduğu kimi 2021-də də rəqəmlərlə dost olmalı, şirkət rəhbərliyinin şirkətdəki gözü olmalı, şirkətin daxili müştərilərini yəni işçilərini ruhlandıran, daim inkişafı üçün şərait yaradan bir qurum olmalıdır. Yoxsa vakansiya elan edib, müsahibə edib geri dönüş etməyəcəksinizsə, kadrları incidəcəksinizsə, Hitler kimi burda mənəm Bağdadda kor xəlifə deyəcəksinizsə İR əməkdaşı yox, mühafizə bölməsinin əməkdaşı olmağa namizəd olacaqsızınız
Beləliklə 2021 üçün gözlədiyim 5 trendin ümumi analizini etdim. Ümidvaram ki, 2021-də çoxlu uğurlara imza atacaqsan. Görüşənədək əziz dostum! Özünü qoru! Yeni ilin mübarək olsun.
İlkin Mirzəzadə, İnsan Resursları mütəxəssisi