2012-ci ilin 2-ci rübünün nəticələrinə əsasən, 83 milyondan çox Facebook hesabı etibarsız kimi qeydə alınmışdır. Aylıq fəal auditoriyanın 4,8%-i yalnız təkrar profillərə aiddir ki, bu da 2 yaxud bir neçə hesabın eyni istifadəçiyə məxsus olduğunu göstərir.

Sosial şəbəkədən istifadə şərtlərinə əsasən, aylıq fəal auditoriyanın 2,4%-i isə adi istifadəçi səhifəsi kimi nəzərdə tutulsa da, əslində şirkətlər tərəfindən kommersiya məqsədlərilə yaradılan profillərdir.
Facebook-da mövcud olan profillərin 1,5%-i “arzuolunmaz” statusunu daşıyır. Belə ki, onlar spam, sosial şəbəkənin fəaliyyətini pozmaq və digər məqsədlərlə qeydiyyatdan keçirilmişdir.

Şirkət bildirib ki, ABŞ, Avstraliya kimi inkişaf etmiş ölkələrdə şəbəkənin qaydalarına əməl etməyən bu cür profillərin sayı azdır. İndoneziya, Türkiyə kimi inkişafda olan ölkələrdə isə etibarsız hesabların sayı sürətlə artmaqdadır.