Müasir dövrün önəmli xarakteristikası yüksək texniki tərəqqi, texnoloji sıçrayış, kreativ təfəkkür və menecer ordusunun yüksək ixtisaslı olmasından ibarətdir. Bu da iqtisadi inkişafı və sosiallaşmanı sürətləndirməklə səciyyələnir. İndi elə bir mərhələdir ki, inkişaf trendindən yan keçə bilmərik. Amma reaksiyamız adekvat olmazsa, texnologiya bizdən yan keçə bilər. Bu maraqlı prosesdə texnologiyanın rəqəmsallaşma qasırğası axınına qoşulanı irəli daşıyacaq, qoşulmayanı keçmişə - tarixin toz basan arxivinə göndərəcəkdir.
Çünki texnologiya:
- iqtisadiyyatın inkişafına təkan verir, istehsal həcmini artırır,
- istehsalın çeşid yelpazəsinə və məhsulun maya dəyərinin aşağı salınmasına dəstək verir,
- qiymət siyasətini yeni istehlakıların cəlb edilmısi yönündə həll etməyə imkan verir,
- insan resurslarını daha optimal yerləşdirməklə istehsalın təbiətini yeniləməyə nail olur,
- istehsalın özünü də daha dəqiq formatda insan ehtiyacınlarına yönümlü modelləşdirir,
- məhsulun marketinq strategiyasını daha uzunmüddətli qurmağa şərait yaradır,
- marketinq kommunikasiyalarının effektivliyini yüksəldir,
- reklamın yaradıcılıq imkanlarını və təsir imkanını genişləndirir,
- reklamın təsir məcralarını daha effektiv mexanizmlərlə zənginləşdirir,
- yeni alətlər hesabına reklamın effektivliyinə və mesajları geri dönüşlü olmasına imkan verir,
- düşüncə tərzini dəyişir və daha sürətlə qərar qəbul etməyə rəvac verir,
- qlobal rəqbəti gücləndirir və satış bazarının özünü qloballaşdırır,
- yeni satış formatlarını daha səmərəli və qənətli etməyə həvəsləndirir.
Belədirsə, məntiqi sual meydana çıxır. Bəs klassik marketinqin yerində qərarlaşan yeni marketinq və onun ayrılmaz tərkib hissəsi kimi yeni reklam, müasir reklam, innovativ reklam necə olacaqdır? Yeni reklamçılığın hərəkətverici qüvvələri hansılardır, reklam müasirləşmədən yaşaya və inkişaf edə bilərmi? Aşağıda göstərilən 12 tezislə bu istiqamətə nəzər salmaq istədik.
Birincisi, zaman dəyişir, deməli, reklam da zamanla ayaqlaşmalıdır. Reklam öz təbiəti etibarı ilə yenilikçidir, daim təkmilləşməyə ehtiyac duyur, mal və xidmətin uğurlu taleyində bir addım öndə addımlamağa məhkumdur. Yaradıcı reklamın və effektiv medianın zamanı gəlir.
İkincisi, biznesin qloballaşması ötən əsrin 80-ci illlərində sürətləndi, bu günsə möhtəşəm miqyas almışdır. Hələ 10 il bundan öncə dünyada transmilli şirkətlərin yüksək eşalonunda 500 qurum önəmli rol oynayırdı ki, onların da arasından bu gün 150 şirkət dominant olaraq çıxış edir. İstər-istəməz müasir reklamın inkişafına bu tendensiya öz təsirini göstərir və göstərəcəkdir.
Ücüncüsü, rəqabət çox sərtləşməkdədir və satışıda alışmadığımız rəqbət çətinliklər baş qaldırır. Çünki texniki və texnoloji səviyyə, istehsal və maya dəyəri hər şirkətdə fərqlidir. Belə olan halda marginallar önə çıxır, çünki daha az mənfəətə qane ola bilirlər. Bu da onların rəqabət qabiliyyətini yüksəldir. Bu zaman reklam xərclərinin də artımı istisna deyildir. Digər tərəfdən də bu tipli şirkətlər texniki yüksəlişi, servisin və istehlakçı ilə işin təkmilləşdirilməsini, məsrəflərin azaldılmasını, marketinqin effektivliyinin yüksəldilməsini, yeni informasiya texnologiyalarının tətbiqini prioritet hesab edirlər.
Dördüncüsü, ənənəvi mediada reklamların yerləşdirilməsini inkişaf etmiş ölkələrdə ənənəvi olmayan yeni vasitələrlə əvəz etməklə daha ucuz və da geniş əhatə dairəsində hədəf kütləyə yetmək imkanı genişlənəcəkdir. Bu da öz növbəsində informasiya xidmətlərinin, PR xidmətinin, sponsor tədbirlərinin və fərqli kommunikasiyaların rolunu yüksəldəcəkdir.
https://www.youtube.com/watch?v=ezyo2uWOqLQ&feature=emb_logo
Beşincisi, TV reklamlarının payı azalmaqda davam edəcək, yeni yayım kanallarınn çeşidi sürətlə genişlənəcəkdir. Önəmlisi budur ki, istehlakçının psixologiyası da ciddi dəyişikliyə məruz qalacaqdır. Yeni tipli, postmodern cəmiyyətində insanları zövq səviyyəsi və ehtiyacları yenilənəcəkdir. İstehlakçıya yanaşmada yeni marketinqin tərkib hissəsi kimi yeni reklam müstəvisi formalaşacaqdır və bu, uzunmüddətli bir proses olacaqdır.
Altıncısı, bazarın seqmentasiyası dərinləşəcəkdir ki, bu da müştəri məmnunluğunu və müştəri loyallığını reklamın ən ümdə vəzifəsi olaraq ön plana çıxaracaq. Korporasiyalar marketinq vəzifələrinin həllini daha az məsrəflə reallaşdırmaq istəyəcəklər, büdcələrin optimallaşdırılması günün aktual və kardinal tələblərindən olacaqdır.
Yeddincisi, müasir reklam onu da nəzərə almalı alacaqdır ki, məhsulun həyat dövrü, yaşam mərhələsi bü günə nisbətən daha da qısalacaqdır. Digər tərəfdən də ticarət markalarının (brendlərin) ömür yolu uzanacaqdır və markalşmanın rolu yüksəlməkdə davam edəcəkdir.
Səkkizincisi, distrubisiya kanallarına nəzarətdə topdansatışın təsiri və rolu azalacaqdır. Ticarət evləri bir format olaraq daha qabarıq fəallıq nümayiş etdirəcəklər. Bu da reklamı daha çevik olmağa və operativ qərar verməyə sövq edəcəkdir.
Doqquzuncusu, qlobal miqyasda qənaətli reklam büdcələri ilə daha yüksək nailiyyət qazanılması reklamın başlıca göstəricisi olacaqdır. Reklamçılığın uğursuzluq üçün bəraət imkanı dairəsi daralacaqdır və bu sahədə rəqabət kreativ yöndə daha da amansız olacaqdır. Çünki reklamın gerçəkləşdirilməsinin texniki və texnoloji alt yapısı təxminən eyni səviyyədə tarazlaşdıqca fərqlilik yaratmağın zəruriliyi həlledici amilə çevriləcəkdir.
Onuncusu, reklam işində kadr hazırlığı və onların biliklərinin operativ, fasiləsiz, sistemli olaraq yenilənməsi, təcrübə mübadiləsinin həyata keçirilməsi və post-pandemiya festivallarının say artımı müşahidə olunacaq, bu faktorlar sayəsində reklam işi sürətlə və verimli alətlərlə zənginləşəcək, ona diqqət və inam artacaqdır.
On birincisi, reklam yaradıcılığının komanda işi olmasını təmin etməklə, daha qənaətli olmaqla məsafədən reklam yaradıcılığı, azad rəssamlar ordusunun sıralarının genişlənməsi ön plana çıxacaqdır. Lakin bu heç də o demək deyil ki, reklam işi konsprativ olacaqdır və reklamçılar bunkerlərdə çalışacaqdır.
On ikincisi, bəşəriyyəti önə aparan texniki tərəqqidir və belə də olacaqdır, amma yaradıcılıq mayası olmayan reklam işi duyğulara təsir göstərə bilmədiyindən kreativin rolu inanılmaz səviyyədə artacaqdır. Odur ki, yeni reklamçılıq yaradıcı sənayenin bir qanadı olaraq reklamın emosional ruhunu qidalandırcaqdır.
Təbiidir ki, yeni reklamçılığın inkişaf magistralını sadalanan 12 müddəa ilə məhdudlaşdırmaq olmaz. Bu məsələyə münasibətdə hər bir reklamçının öz yanaşma tərzi, öz kriteriyaları ola bilər. Mən də sadəcə olaraq yeni təqvim il ərəfəsində önümüzdə olan tarixi mərhələyə panoramlı nəzər yetirmək istədim.
Yenilənmə arzusu ilə,
Teymur Məmmədov,
Kreativ direktor,
Adver.az