Heyrətamiz olaylarla zəngin bir dönəmdə yaşayırıq, zamanın sürəti hətta məkanı belə ayna effekti ilə əyməyə can atır. Qlobal xəstəliklərin populyarlığı (yəni qurban sayı) siyahısında 17-ci pillədə dayanan COVID-19 bu gün daha dəhşətli təsir bağışlayır.


Əgər insanlar sanitar və gigiyena tələblərinə əməl etsələr, bu xəstəliyin hələlik az da olsa elmə bəlli olan və qismən öyrənilən (həm də hər gün yenilənən) təzahürlərinə diqqətli yanaşsalar, inanın ki, bu xəstəliyin kütləviliyinə meydan oxumaq olar.



Bəs, nədən biz bu xəstəliyi qrip və xərçəng xəstəliyindən daha təhlükəli qəbul edirik? Bəlkə də belə olmalıdır. Amma digər kütləvi xəstəliklərə bu qədər diqqət yetirildiyini xatırlayırsınızmı?


Mən xatırlayıram. 80-ci illərdə insanlar SPİD xəstəliyi təhlükəsini kütləvi informasiya kanallarının xidmətləri sayəsində nüvə müharibəsi təhlükəsindən daha vahiməli qarşılayırdılar.



Nədən? Çünki sözü gedən mövzuda hamı və hər yerdə danışırdı. SPİD xəstəliyinin yayılma sürəti, arealı və formaları insanları hər yerdə izləyirdi. Adama elə gəlirdi ki, informasiya kanalları növbəti süjeti səninlə - bu amansız bəlaya düçar olan növbəti qurbanla başlayacaqlar. Bu barədə niyə belə detallı söz açmağımın səbəbi informasiyanın hələ də tam genişliyi və əzəmətli mənzərəsi ilə üzləşdiyimiz bu fenomenin kommunikativ gücünü önə çəkməkdən ibarətdir.


Yaxın gələcəkdə bəşəriyyətin üzləşə biləcəyi yeni virus təhlükəsi və ya başqa bir kataklizmlə mübarizədə kütləvi informasiya vasitələrinin rolunun yeri və əhəmiyyəti, həm danılmaz, həm də effektiv olacaqdır. Hər halda mən bu qənaətimdə israrlıyam. Amma hər kəs öz bildiyi kimi düşünməkdə tam sərbəsdir.



Buradan mətləbə keçmək istərdim. İkinci aydır ki, ölkəmiz özünün tarixinin ən şərəfli bir mərhələsinə-Böyük Vətən müharibəsinə qədəm qoymuşdur. Belə ki, ruh yüksəkliyi ovqatı üzrə yaşayan Azərbaycan Respublikasının vətəndaşları dövlət başçısını tam dəstəkləyirlər.


Əhalinin sarsılmaz birliyi orduya çox güclü köməklik göstərir. Arxa cəbhədən arxayın olan əsgər böyük uğurlara imza atır, ordumuz xarüqələr nümayiş etdirir, qələbə dalınca qələbə qazanılır. Düşmən tapdağı altında qalmış torpaqlarımız, kənd, qəsəbə və şəhərlərimiz bir-birinin ardınca azad olunur, yenidən rahat nəfəs almağa başlayır. Düşmən böyük itkilər verir, geri çəkilir.


Məkrli düşmən öz uğursuzluqlarının əvəzini dinc əhalidən çıxır. Yaşayış məntəqələri atəşə tutulur, mülki əhali, məişət və digər sosial obyektləri, mülk və binalar, evlər dağıdılır. Əlbəttə, zaman keçəcək, dövlətimiz vətəndaşların güzəranının və sosial fəaliyyətinin gerçəkləşməsi üçün zəruru infrastrukturu bərpa edəcək, insanların qəlbini parçalayan yaralar qaysaq bağlayacaq, həyat öz normal axarına düşəcək, məcburi köçkünlər öz yurd-yuvalarına dönəcəklər.


Amma bir ciddi amil mənim diqqətimi cəlb etməyə bilməzdi. Belə ki, gerçklikdə qlobal dəyərləndirmələr, dini və bloklar zəmində, subyektiv olaraq, müharibənin özündən çox, onun insanların həyatına gətirmiş olduğu itkilərdən çox, insanların mənəvi və maddi sarsıntılarından çox, dağılan tifaqlardan, öldürülən körpələrdən çox ideoloji arqumentlərə köklənir.



Belə ki, zərər çəkən tərəf, 30 il səbr və təmkinlə problemin ədalətli həllini gözləyən tərəf özünün haqlı olduğunu haqsızlıq standartları qarşısında silah və məntiqlə sübut etməyə çalışır. Amma səsimiz haqsızlıq və ikili standart polifoniyasında itir, kütləvi informasiya vasitələrinin, yalan yayan müasir kommunikasiya kanallarının dırnaq arasında xidmətləri sayəsində dünyanın əksər yerlərində insanlar yanlış informasiya ilə yüklənir.


Beynəlxalq hüquq informasiya axını qarşısında geriləyir, əcı həqiqətin həyat uğrunda mübarizəsi isə sanki qladiator döyüşünü xatırladır.


Heç kimi bu gün Azərbaycanın ədalətli mübarizəsi maraqlandırmır, insanlara döyüşün özündən çox, insanı sarsıdan faciələrdən daha çox bu barədə yazılan, göstərilən və deyilən informasiya maraqlandırır.


Belə çıxır ki, istənilən ölkə və vətəndaşı istənilən anda nədə istəsən ittiham edərək informasiya monstrlarının pəncəsinə atmaq olar. Amma gəlin unutmayaq ki, bu gün başqasının başına yağdırdıqlarınız bir zanan sizin öz qarşınıza çıxacaqdır.


Axı ədalətsizlik bumeranq kmidir. Bir zaman öz günahlarınnın ucaltdığı göydələnlər sənin haqsızlığının müstəvisində özünün üstünə uçacaqdır. Beynəlxalq hüquqa qarşı yol verilən cinayətin bumeranq faciəsinin miqyası daha geniş və əhatəli olcaqdır.



Bu gün Azərbaycan xalqının mübarizəsinin timsalında informasiya monstrlarının oynadığı dağıdıcı rolun bəhrələrini bu fonu yaradanların özləri dadacaqlar. Buna heç kəsin şübhəsi olmasın.


Mənim dediklərim müasir tarixi kəsimdə bir daha onu təsdiq edir ki:


1. Müharibə indi yalnız silahların nəriltisi demək deyildir.


2. İndiki savaşlar yenə də əsgərin ruhuna dayanıqlı olsa da, informasiya axını mühüm əhəmiyyət kəsb edir.


3. Yanlış məlumatlarla dolu informasiya bloku ədaləti tapdalaya bilir, əsl həqiqəti gizlədə bilir.


4. İnformasiya müharibəsi qlobal məkanda əsl döyüşün gurultusunu üstələyə, ədalətin səsini batıra bilir.


5. İnformasiya müharibəsi və birbaşa döyüşlər orqanik vəhdətdə dünya ictimaiyyətinə çatdırılmalıdır.


6. İnformasiya indiki dövrdə təbliğatdan çox məkrli və məqsədli olaraq əslində dezinformatik funksiya daşıyır.


7. Obyektivlik indi ikili standartın xidmətindədir, qulluğundadır.


8. İnsanlar qlobal çərçivədə - indiki mərhələdə - informasiya vasitəsilə doğru olanı deyil, gərəkli hesab olunanı alır.


9. İnformasiyanın axın və çeşid çoxluğu insanı obyektivlikdən çox intensivliyin pəncəsində saxlayır.


10. İnformasiyanın həzmində obyektivlik subyektiv amillərin təsiri ilə təsirsizləşir və ya arzu olunan səmtə yönəldilir.


11. Subyektivlik dəyərləndirmədə mühüm meyara çevrilir.


12. İnformasiya müharibəsi savaş başa çatandan sonra da davam edir və onun fasiləsizliyi təmin olunmalıdır və hələ müharibədən sonra da görüləsi işlərimiz çox olacaqdır.


13. Dəyişən dünyada bizim də dəyişilməyə adaptiv olmamız günün aktual məsələlərindəndir.


14. İnformasiya müharibələri bundan sonra da əsl müharibənin mahiyyətini üstələyəcək və təbiəti baxımından daha sərt və amansız olcaqdır.


15. Gözləməyək, intensiv informasiya müharibəsinin daha qətiyyətli əsgəri olaq.


Qlobal informasiya məkanında təklənməyimiz bizə çox mətləbləri öyrətdi. Tərəfdarlarımız az olsa da, etibarlarını nümayiş etdirdilər, haqqın tərəfimizdə olduğunu bilərək, irəliləyirik. Dostu və düşməni daha yaxından tanıdıq. Həyat davam edir və öyrənəcəyimiz çox şeylər var.


Həmişə ayıq-sayıq olmaq diləyi və əsgərə ehtiramla,


Teymur Məmmədov,


Kreativ direktor