SƏN ƏSGƏRƏ TƏN GƏRƏK!
MİLLƏTƏ VƏTƏN GƏRƏK!


ANA TORPAQ SƏSLƏYİR-


İRƏLİDƏ MƏN GƏRƏK!


İRƏLİDƏ SƏN GƏRƏK!


TARİXİN YENİ SƏHİFƏSİ AÇILIR


Bu gün parklarda qayğısız oynayan kiçik yaşlı uşaqlar böyük həvəslə AZƏRBAYCAN ƏSGƏRİ mahnısını ifa edir. Əslində, bu Azərbaycanın YENİ tarixində YENİ səhifədir. Şərəf səhifəsidir, qürur səhifəsidir.


Hər birimiz anlayırıq ki, bu gün bütün ölkənin taleyi, gələcəyi, varlığı özümüzdən asılıdır, səndən və məndən - hər birimizdən asılıdır.


Vətən hissi, Vətən duyğusu, Vətən anlayışı, Vətən sevgisi quru sözlər deyil. Bu pafos üçün deyilən sözlər də deyil.


Vətən müqəddəsdir, ülvidir, ucadır, zirvədir, əzəldir, əbədiyyətdir.


Vətən həyatın özüdür...


Dünyada minlərlə qəbilə, tayfa, xalq, millət Vətən deyə-deyə tarix səhnəsindən silinib gedib.


Bu günün özündə belə müstəqillik naminə mübarizə aparan millət və xalqlar vardır. Ərazisindən məhrum olan ölkələr vardır. Onlardan bir də Bizim yurdumuz, bizim ölkəmizdir.


Xatırlayırsınızmı, Almaniya kimi güclü dövlət belə, özünün ərazi bütövlüyünü 50 il sonra bərpa edə bildi.


https://www.youtube.com/watch?v=7GB06noZLbY


Hərbin kommunikasıya məkanına təsirdə təbliğatın bir amili olaraq mahnı yaradıcılığı da mühüm əhəmiyyət kəsb edir. Ön cəbhənin hər bir uğuru arxa cəbhənin dəstəyindən çox asılıdır. Arxa cəbhənin qətiyyəti və dayanıqlılığı ön cəbhə ilə birliyin sarsılmazlığında olur. Belə birliyin gücü son dərəcə yüksəkdir və düşmənə yönələn yaylım silahlarının dağıdıcı təsirini - istər informatik məkanda olsun, istərsə də hərbi fəaliyyət teatrında - apogeyə çatdırır.


Döyüşçünün ruhunun yüksəkliyi tarix boyu baş verən bütün müharibələrdə həlledici rol oynadığı çoxdan məlumdur. Bu baxımdan silahlanma səviyyəsi, əsgərlərə göstərilən qayğı, dövlət başçılarının və sərkərdələrin müdrikliyi ilə bərabər, sənət adamlarının yaradıcılıq məhsulları olan bədii əsərlərin orduya verdiyi dəstək əvəzolunmazdır.


Döyüşə çağıram motivasiyalı mahnılar nikbin ruhu, döyüşlərin ağrılarının bir anlıq da olsa, unudula bilməsi, növbəti hərbi əməliyyatlara öz daxili potensial enerjisini səfərbər etmək üçün çox mühüm əhəmiyyət kəsb edir.


https://www.youtube.com/watch?v=kUUn88vmUnE&list=PLGn91PxtNbAc0g-u_mxNUTJVMwhTl_DgC


Müasir Türkiyə Silahlı Qüvvələrinin formalaşma standartları NATO səviyyəsində qurulmuşdur. Orduda islahatlar və təkmilləşmə Türkiyənin yüzilliklər boyu qazandığı hərbi təcrübənin müasir texnoloji tərəqqi ilə üzvi vəhdəti əsasında həyata keçirilir. Diğər tərəfdən Türkiyənin hərbi strategiyasında sıravi əsgərin və komandirlərin nizamnamə və insani öhdəlikləri, əsgərin ruhu, Vətən uğrunda şəhid olmağı özünə borc bilməsi də mühüm amillərdəndir.


https://www.youtube.com/watch?v=RoSBbserN2o


O zaman ki, döyüş gedir ruh yüksəkliyinə ehtiyac var. O vaxt ki ölüm-dirim savaşında əsgər Vətənin hər qarışını öz qanı bahasına azad edirsə, o döyüçünün obrazının bədii əsərlərdə əbədiləşdirilməsi, hərbi-vətənpərvərlik baxımından diqqəti cəlb edir.


MAHNILAR DA DÖYÜŞÜR...


Konsuella Velaskes adlı 18 yaşlı qızın İkinici Dünya müharibəsi ərəfəsində yazdığı BESAMO MUÇO adlı mahnısı bu baxımdan ibrətamizdir. Əsəri yazan gənc Konsuelladan tez-tez bu əsəri kimə həsr etdiyini soruşanda cavab verirdi ki, heç kimə, heç kəsə, hamıya, hər kəsə...


https://www.youtube.com/watch?v=-Qx6_lp2jFs


İkinci dünya müharibəsi illərində bu mahnı qədər populyar olan ikinci əsər bəslənməyib. Başqa sözlə, bu əsər populyarlıq baxımından bütün dinləyici rekordlarını qırıb. Dilindən və yaşından, dinindən və milliyyətindən asılı olmayaraq hər kəsin dinləmək istədiyi və hərbin tarixində bu qədər populyar olan mahnı tapmaq çətindir.


Mahnının sözlərini də Konsuella özü yazıb. Bu bədii sənət nümunəsində çox sadə, bəşəri, hər kəsə anlaşılan duyğular ifadə olunur. Qəlbi olan heç bir insan bu sözlərə etinasız qala bilməz. Çünki amansız müharibənin gerçəkliyi fonunda romantizmin zirvəsini fəth etmişdi gənc Konsuella... Əsgərlər döyüşlərarası qısa fasilələrdə və müharibədən sonra bu mahnını həvəslə dinləyirdilər. Hər kəs bu əsərdə özünü, öz taleyini axtarırdı... Görürdü də! Tapırdı da!


BESAMO MUÇO mahnısını bir çox korifeylər ifa etmişlər. Amma Konsuella bu mahnıya əbədi olaraq öz ifa möhürünü vurmuşdu. Onu əvəz edə biləcək ikinci ifaçı yoxdur. Ondan yaxşı ifa etmək olar, ondan zəif ifaya da rast gəlmək olar. Amma Konsuella kimi bu mahnını ifa edən bir daha doğulmadı...


BESAMO MUÇO mahnısında sevgilisini döyüşə yola salan bir qızın ürək çırpıntıları əks olunub. Sanki bir daha sevgilisini görməyəcəyini hiss edirmiş kimi, qızcığaz öz sevgisini əbədi olaraq yaddaşına əks etdirmək istəyir.


DÖYÜŞ NƏĞMƏLƏRİ ENERJİ MƏNBƏYİDİR...


1941-1945-ci ilərin Böyük Vətən Müharibəsinin gedişində, ondan sonrakı illərdə çoxlu mahnılar bəstələnmişdir. Onların pafosu, döyüş ruhu sovet əsgərlərini Vətən naminə qanlı döyüşlərə həvəsləndirirdi. Düşünürəm ki, Berlinə ilk daxil olan beş diviziyadan birinin, yeganə milli qoşun birləşməsinin - 416-cı diviziyanın döyüşçüləri də bu mahnılardan ruhlanmışlar.


Mənim özümün bəyəndiyim mahnılardan biri - istər hərbi xidmətdə olduğum illərdə, istərsə də bu günün özündə - aktual görünən mahnı POSLEDNİY BOY - ON TRUDNIY SAMIY (Sonuncu döyüş – Ən çətin döyüşdür) adlanır.


Bu mahnıda yorğun savaşçının keçirdiyi insani hisslər öz əksini tapıb. Döyüşçü son döyüşün ən çətin olduğunu söyləyir. Anası üçün darıxdığını deyir. Son dəfə anasına müraciətlə «Ana» kəlməsini nə vaxt söylədiyini unutduğunu dilə gətirir.


https://www.youtube.com/watch?v=KJqkW_WCMXQ


İNSANI İNAM VƏ DÖZÜM YAŞADIR


Bu gün bizdən ötrü sonuncu döyüş, hərbin son akkordu, qələbənin son atəşlərinin gələcəyi anlar önəmli və aktualdır. Hər kəs torpaqların tez azad olunmasını, düşmənin ölkəmizin ərazisindən tam süpürülüb atılmasını istəyir. Bax, onda ordudan tərxis olunan qalib əsgərlər son döyüşlərin nə qədər çətin olduğundan danışacaqlar.


Mən sevimli əsər seçimində populyar olanları sevmirəm - hər sahədə bu ənənəyə sadiqəm - çünki, mənim öz duyğularıma və hisslərimə təsir göstərərək, məni mütəssir edən əsərləri xoşlayıram. Bu mənada ŞƏRİKLİ ÇÖRƏK qədər sevdiyim filmlər azdır. Dünya kino korifeylərinin əsərləri ilə bərabər tutduğum, 51 il bundan öncə ekranlara çıxan, ŞƏRİKLİ ÇÖRƏK filmində səslənən SƏN EY UŞAQLIQ! mahnısında olan həyat sevgisi, qan yaddaşı, hüzn və nikbinlik insanın qanını da, kədər, qüssə və qəlbəyə inam adamı həyata başqa dəyərlər bucağından baxmağa sövq edir.


https://www.youtube.com/watch?v=sWcNN6y8EqQ


HƏR SAVAŞIN ZİRVƏSİ - QƏLƏBƏDİR!


Sonda daha bir mahnı üzərində dayanmaq istərdim. Həmin əsəri həmyerlimiz və korifey sənətkar Müslim Maqomayev ifa edir. Əsər müharibənin ən yüksək zirvəsini- QƏLƏBƏNİ vəsf edir. Elə onun adı da DEN POBEDI (QƏLƏBƏ GÜNÜ) kimi səslənir.


Doğrudan da uzun sürən savaşlardan, silahdaşını, dostunu itirdiyin müharibənin qanlı-qadalı döyüşlərinin təntənəsi azad etdiyin Vətən torpağıdırsa, hərbi zəfərdirsə, qələbədirsə, döyüşməyə, vuruşmağa, şəhid olmağa, qaziliyə yüksəlməyə, doğma ev-eşiyə, ana-bacının, övladlarının yanına alnıaçıq və üzüağ dönməyə dəyər.


https://www.youtube.com/watch?v=cdsbp9UuabE


Tanrı əsgəri qorusun!


Allah Vətəni və bizi qorusun!


Növbəti yazılarımızda hərbi təbliğatın vizual dəstəklərinin ən yaxşı nümunələrindən bəhs etmək istərdik.


Teymur Məmmədov,


Kreativ direktor,


Adver.az