İkinci məqalə


Ön cəbhədə şərəflə döyüşən ordumuza, hər bir əsgərə haqq işimiz uğrunda döyüşlərdə və bütövlükdə Vətən müharibəsində yeni uğurlar arzulayıram! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!


Müasir dövr özünün mürəkkəbliyi ilə xarakterikdir. Bu baxımdan hərbi fəaliyyət teatrları da istisna deyildir. Əlavə edək ki, bu mənada hərbin kommunikasiya məkanına nəzarət edən tərəf daha güclü təsir bağışlaya bilər. Hərbin kommunikasiya məkanına təsir göstərilməsinin zəruriliyində əsas məqsəd:


- optimist ruhlu və səfərbəredici informasiyanın daha geniş hədəf kütləyə çatdırılmasından;


- kommunikasiya məkanının arxa və ön cəbhədə daha yüksək ruha köklənməsindən;


- hərbin kommunikasiya məkanının düşmən tərəfini sarsıdıcı təzyiq və vahimə altında saxlamasından;


- düşmənin əqrəb sancması effekti ilə iflicedici çaşqınlığa məruz qoyulmasından;


- qarşı tərəfin Silahlı Qüvvələrinin döyüş ruhunun ciddi şəkildə sarsıdılmasından ibarətdir.



İctimai şüara toplum yayım olaraq yönəlmiş kommunikasiya mexanizmləri ən müasir silahdan belə güclü ola bilir, çünki düşmənin silahın tətiyinə sıxılan barmaqlarını titrətməyə başlayır, bir çox hallarda sonucda düşmən hərbi texnikanı və sursatı belə döyüş meydanında qoyub vahimə içərisində geri şəkilir, digər tərəfdən də, bu məqamda düşmən intensiv yaylım atəşləri və artilleriya hazırlığı ilə ciddi itkilərə vadar edilir.


Əslində düzgün təşkil olunan, hədəflərini dəqiq müəyyənləşdirən, mesaj tonunu maksimum həyəcanlı və vahiməli edən, habelə mükəmməlliyi ilə seçilən, eləcə də sistemliliyi ilə fərqlənən hərbin kommunikasiya məkanı təbliğatının effektiv təsir səviyyəsi ekstremal şəraitdə, ölüm-dirim mübarizəsinin gərgin mərhələsində özünü daha iri planda və çox dağıdıcı təsir bağışlamaqla göstərmiş olur.


Bu bir növ dövlətlə cəmiyyət arasında, xalqla ordu arasında birlik ruhunun və mobilliyin sınağına çevrilir. Hərbin kommunikasiya məkanı təbliğatı öz mahiyyəti və təbiəti etibarı ilə arxa və ön cəbhələrin üzvi ahəngdar fəaliyyətində özünü müsbət cəhətdən nümayiş etdirən aparıcı amildir və bəzi hallarda həlledici funksiyanı özündə təcəssüm etdirir. Bu, da əslində uğurlu təbliğat və təşviqat vasitəsilə həyata keçirilir.


Bəs təbliğat və təşviqatı necə xarakterizə etmək olardı? Ekspertlərin fikrincə, hərbin kommunikasiya məkanının təbliğat kompleksi müəyyən ideyaların, dəyərlərin, baxışların, arqumentlərin, faktların, normaların, davranış proqramlarının və digər məlumatların məqsədyönlü şəkildə yayılmasını nəzərdə tutur. Bunu həyata keçirməkdə başlıca istək müəyyən baxışların və məqsədlərin nəzərdə tutduğu hədəflərə çatmaq və düşmən cəbhəsində vahiməni daha da gücləndirməkdir.



Əlavə edək ki, hərbin kommunikasiya məkanında təbliğat konstruktiv (pozitiv) və destruktiv (neqativ) olur. Konstruktiv təbliğat işğala məruz qalan tərəfin döyüş ruhunun qaldırılmasına, arxa və ön cəbhələr arasında ahəngdarlığa, insanlarda qələbə ruhunun coşdurulmasına xidmət edir və düzgün təbliğat sayəsində düşmən obrazını formalaşdırmaq və mübarizənin dinamikasını, gərginliyini və barışmazlığını təmin etmək mümkün olur, habelə bu ölüm-dirim savaşında sona qədər döyüşmək istəyi gerçəkləşdirilir.


Destruktiv təbliğat isə intervensiyanı həyata keçirən tərəfin ön və arxa cəbhəsində vahimə yaratmaq, onun hərbi qüvvələrinin döyüş ruhunu zəiflətmək məqsədilə həyata keçirilir. Əlavə edək ki, düşmən tərəfi də öz mənafeyi naminə təbliğatın göstərilən formalarından öz marağı naminə faydalanmağa çalışır. Bu mənada hərbin informasiya məkanına təsir göstərilməsinin aqressivliyi heç də hərbi fəaliyyət teatrının hadisələrinin sərtliyindən geri qalmır.


Bəs buna real olaraq biz hansı alət və resurslarla nail olunur? Başlıca olaraq, sadalanan istiqamətlərdə həyata keçirilən təbliğat kompleksi gələcək qələbənin tərkib hissələrindən ola bilir.


Əvvəlan, dövlətin və xalqın, ordunun və cəmiyyətin birliyi önəmli olur.


İkincisi, xalq və dövlət, komandir və əsgər nə üçün vuruşduğunu yaxşı bilir.


Üçüncüsü, döyüşçülər arxa cəbhədəki yaxınlarına qayğılarına dövlət və arxa cəbhə qayğısını hiss edirlər.


Dördüncüsü, hərbiçilər aparılan müharibənin ədalətli olduğuna inanırlar, canları və qanları bahasına olsa belə, qələbəyə nail olmaq istəyirlər.


Beşincisi, müharibə intervensiya xarakteri daşımır, döyüşçü bilir və anlayır ki, doğma torpaqların naminə döyüşür.


Beşincisi, bunu görən düşmən işğal olunmuş ərazidə öz ayağları altında torpağın yandığını hiss edir.


Altıncısı, kütləvi canlı itkilər işğalçı dövlətin ictimaiyyətinə vahiməli təsir bağşılayır.


Yeddincisi, işğal altında olan ölkədə səfərbərlik yüksək əhvali-ruhiyyədə həyata keçirilir. Çünki hər kəs intervensiyaya məruz qalan tərəf doğma torpaq üçün məsuliyyət hissini və cavabdehliyini özü tam anlayır.


Səkkizincisi, işğal olunmuş ərazidə hər daş və hər kəsək, hər kol və hər çökək, hər dağ və hər təpə, hər dərə və hər vadi düşmənlə vuruşur.


Doqquzuncusu, müharibədən sonra dağıdılmış və viran edilmiş ərazilərin bərpası və məskunlaşması, məcburu köçkünlərin və sakinlərin ruh yüksəkliyi ilə həyata keçirilir.



Hərbin kommunikasiya məkanı fasilə vermədən intensiv təbliğat və təşviqata ehtiyac duyur ki, belə bir işlək mexanizm dövləti, xalqı və əsgəri sıx birləşdirir, bütün insan enerjisini, maddi resursları, döyüş ustalığını, hərbi texnikanı konkret vəzifə və tapşırıqlar ətrafında cəmləməyə imkan verir. Bu da bir sel kimi əzəmətli olur, qarşısına çaxan düşməni səngər və hərbi istehkamlardan süpürüb geriyə atır.


Hərbi əməliyyatların gedişində təbliğatın özəllikləri var. Belə ki, düşmənin əsir düşməyə meylliliyini gücləndirmək - əsir təbliğatı, hərbi uğurların təbliğatı-uğur təbliğatı, məğlubiyyət qorxusunun təlqini – məğlubiyyət təbliğatı kimi metodlarla


Əsas amil olaraq – düşmən obrazının yaradılması da ön plana çıxan faktor kimi effektivdir. Düşmənin siması sadə qavrayış üçün etnik, siyasi, ideoloji və digər stereotiplərə əsalanmaqla qabardılır. Bu da təbiidir. Savaşın iki tərəfi var və bu tərəflərdən hər biri özünü haqlı, humanist, insanpərvər, düşməni isə amansız, qəddar, başkəsən, yalançı kimi göstərir.


Bu təbliğatın əsasını dehumanizasiya təşkil edir. Amma bu konteksdə, həm beynəlxalq hüquq, həm də insani dəyərlər işğala məruz qalan tərəfi dəstəkləyir. Odur ki, biz düşmən obrazını yaratmaqla onların maksimum qısa müddətdə bizim suveren dövlət ərazimizi tərk etmələrini və ölkəmizin beynəlxalq hüquqla tanınan sərhədlərində müstəqilliyinin bərpasını tezləşdirməliyik. Buna əngəl törədənlərin düşmən obrazını yaratmalıyıq və düşməni son döyüşçüsünə kimi məhv etməliyik.


Düşmən tam sıradan çıxarılana kimi bu istiqamətdə təbliğat maşını gah sürətli, gah irimiqyaslı, gah dövlət strukturlarının iştirakı, gah da lokal çərçivədə fəaliyyət göstərir. Bu təbliğat düşmənin məhvini mənəviyyatsızlıq və insanlığa nifrət kimi deyil, konkret halda – beynəlxalq hüququn bərpası prosesinə doğru legitim addım kimi qiymətləndirir.


Söhbət mülki əhalidən getmir. Bizim dövlətimiz mülki əhalinin haqlarını beynəlxalq hüquqlar çərçivəsində təmin edir. Bizim əsas məqsədimiz leqitim hədəflərin məhv edilməsidir və bunu da uğurla həyata keçiririk. Təssüflər olsun ki, bunu düşmən tərəf barədə söyləmək olmur.



Onlar mülki əhaliyə qarşı soyqırımından belə çəkinmirlər. Təbii ki, bu halda düşmən obrazı təbliğatın əsas amilinə çevrilir. Burada söhbət təslim olmaq istəməyən və ciddi müqavimət göstərən hərbi kontingentin məhv edilməsindən gedir. Müdafiə olunan tərəfin haqqıdır ki, işğaılçıya layiq olduğu obrazda nifrət hissi aşılanmasına nail olunsun, bu sistemli təbliğat vasitəsilə həyata keçirilsin. Çünki qələbə, öz torpağını azad etmək üçün hər şey - təbii maneələr, insanlar, relyefin özü, dağlar-meşələr də vuruşurlar.


İşğalçıda ələ keçirilən torpaqlar üzərində sahibsiz monstrlıq etmək və vəhşi kimi davranmaq instinqti baş qaldırıb. Müdafiə olunan tərəfin insan resursları, relyefi - çoğrafi mövqeyi, maddi ehtiyatları düşmənin davranışından və amansızlığından güc alan nifrət və intiqam hisslərində coşaraq döyüş meydanına atılır və öz rolunu qələbə anına kimi rəşadətlə oynayır: Bizim əsgər – Qalib əsgər!


Hərbi fəaliyyət teatrından uzaq olan məkanlarda da insanların fikri, düşüncəsi, mənəfi və fiziki enerjisi təbliğatın predmeti olmalıdır. Amma bu zaman təbliğat qismən fərqlənir. Çünki düşmənlə birbaşa üz-üzə olan, döyüşən insanla, hərbi fəaliyyət teatrından gələn xəbərlərin əsasında müharibə barədə təsəvvürə sahib olanlar arasında fərq var.


Elə etmək lazımdır ki, döyüş zonasından uzaq olan insanların ehtiyat qüvvə kimi, döyüşə can atan güc kimi düşmənə nifrəti daha sərt və amansız olsun. Öz ərazisini işğaldan azad edən zaman bu hisslər silah qədər güclü, döyüş arsenalına bərabər tutulacaq qədər dağıdıcı ola bilir.


Hərbin kommunikaiya məkanına təsirli təbliğat və təşviqat maşınının effektivliyi üçün zəruri olan resurslara nəzər salaq:


- Dövlət başçısısnın müdrikliyi, diplomatik istedadı, kütlə arasında qazandığı nüfuzu, özgüvəni, əsgərə, döyüşçülərin ailələrinə qayğısının diqqət mərkəzində saxlaması;


- Ali Baş Komandanın hərbi və mülki kontingentlə qarşlılıqlı anlaşmaya nail olması, onun əmr və sərəncamların dəqiq və zamanında yerinə yetirilməsi, döyüşçülərin mükfatlandırılması, fəxri adlara və rütbələrə layiq görülməsi, hamıdan inmalı, inandırıcı, sərt, qətiyyətli olması;


- Sərkərdələrin və komandirlərin əsgərə qayğısı, əsgərin komandirə inamı və etibarı;


- Anaların və ataların, ağsaqqalların və ağbirçəklərin əsgərlərə ürək sözləri, döyüş xeyir-duası;


- Əvvəlki müharibələrin veteranlarının şəxsi heyətə dəstəkverici ürək sözləri;


- Mədəniyyət və incəsənət xadimlərinin hərbi mövzuda yüksək çağırış ruhlu, qəhrəmanlığı vəsf edən əsərlər yaratması;


- Hər kəsin ruhunu yüksəldəcək klip və çarxların istehsalı;


- TV kanallarının və digər KİV-lərin ön cəbhədən hazırladığı materialların arxa cəbhəyə təqdim olunması;


- Arxa cəbhənin ön cəbhə üçün çalışdığını əks etdirən materialların tamaşaçı və dinləyicilərə təqdim olunması;


- Posterlərin hazırlanması, bilbordlarda, monitorlarda və trivijnlərdə hərbi mövzuda vizualların yerləşdirilməsi.



Mətbuatdan bildiyimiz kimi, bu günlərdə «Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin, "Azərbaycan Ordusu” qəzeti redaksiyasının əməkdaşları döyüş bölgəsinə ezam edilib. Cəbhəboyu zonada quraşdırılan səyyar mətbəələrdə "Sən qalib gələcəksən!”, "Qalibiyyət döyüşü” və "Böyük Qələbə uğrunda” təşviqat vərəqələri, "Azərbaycan Ordusu” qəzetinin xüsusi buraxılışları, bukletlər hazırlanır. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən 4 təbliğat-təşviqat qrupu yaradılıb. Həmin qruplar veteranların, ictimaiyyət nümayəndələrinin şəxsi heyət qarşısında çıxışlarını təşkil edir və konsert proqramlarını təqdim edirlər. Bundan əlavə səsgücləndirici maşınlar vasitəsilə ümummilli lider Heydər Əliyevin və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ordumuz haqqında çıxışları, hərbi vətənpərvərlik mahnıları və döyüşlər barədə operativ məlumatlar cəbhəboyu zonadakı yaşayış məntəqələrində səsləndirilir, vətənpərvərlik mövzusunda bədii və sənədli filmlər nümayiş olunur”.


Ölkənin televiziya kanalları və radioları intensiv olaraq cəbhə həyatını öz müxbirlərinin hadisə yerindən hazırladıqları materiallarla və birbaşa bağlantılarla operativ məlumatlandırma ilə arxa cəbhəni təmin edirlər. Sevindirici haldır ki, hərbi vəziyyətin tələblərinə uyğun olaraq, Respublika ərazisində müxtəlif məcralarla yayıla biləcək şayiələrin yayılmasına son qoyulmuşdur. Məlumatlar rəsmi kanallardan və rəsmi mənbələrdən alınır, bütün informasiya məkanı peşəkarlıqla nəzarətdə saxlanılır, insanlar da öz növbələrində vəziyyəti düzgün anlayır və qanun çərçivəsində fəaliyyət göstərirlər.


Məhz bunun sayəsində biz, həm hərbi, həm də informasiya məkanında kompleks və sistemlilik nümayiş etdirməklə ciddi nəticələr əldə edirik.


Qeyd edək ki, məhz «Bu tədbirlər döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, döyüş əzmini, qələbə ruhunu daha da artırır, mülki əhali tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır».


Əlavə edək ki, növbəti yazıda – 3-cü məqalədə isə orduya və arxa cəbhəyə təsirli, habelə ruhlandırıcı dəstək üçün sənətçilərin yaradıcı rolundan bəhs olunacaq.


Teymur Məmmədov,


Kreativ direktor,


Adver.az