Birinci məqalə
Bu günlər ölkəmiz öz tarixinin şərəfli və qürur duyulan səhifələrini yazır. Bütün xalq Ali Baş Komandanın ətrafında birləşərək, bir məqsədə yönəlib, bir hədəfə vurur və bir müqəddəs istəyə köklənib. Sevindirici haldır ki, biz 30 ildən çox düşmən tapdağı altında olan torpaqlarımızın intervensiyadan azad oluması üçün bütün resurslardan düzgün faydalanmağa, istəyimizə çatmaq üçün hamılıqda effektiv fəaliyyət göstərməyə səfərbərik.
Müharibələr əsas iki qrupa bölünür: ədalətli və ədalətsiz müharibələr. Biz öz torpaqlarımızın azad olması, Qarabağ səmasında və onun ətrafında səmanı tutan qara buludların dağıdılması, Günəş şəfəqlərinin bu müqəddəs torpaqları nurlandırması üçün ayağa qalxmışıq. Bizim işimiz haqq işidir, ədalət naminə mübarizədir, işğaldan azad omaq yolunda ölüm-dirim savaşıdır.
Müharibələrin taleyini yalnız silahlar həll etmir. Burada heç də humanizm işə yaramır. Şair demişkən, qılınclar toqquşub iş görən zaman, nə edər dediyin quru bir vicdan? Düşmən çox amansız və qəddardır. Aman istəyən mülki əhalini himayə altına almaq insanlıqdır. Amma düşməni son əsgərinə qədər məhv etmək Vətənin azadlığı baxımından daha humanist addım kimi dəyərləndirilməlidir.
Sirr deyildir ki, 21-ci əsrin çoxsaylı lokal və regional hərbi münaqişələri ən müasir silahların və texnologiyanın tətbiqi ilə həyata keçirilir. Canlı qüvvə itkisinin qarşısını almaq məqsədilə insan resursları itkisinin minimuma endirilməsi üçün qabaqcıl hərbi texnologiya daha geniş miqyasda tətbiq olunur.
Amma hansı səviyyədə hərbi texnika yenilikləri tətbiq olunursa olunsun, diqqəti cəlb edən əsas amil şəxsi heyətin döyüş ruhu və arxa cəbhədə ictimai şüura təsir mexanizminin effektivlik səviyyəsidir. Işğala məruz qalan, illər boyu düşmənə nifrət hissi ilə yaşayan insanların düşünülmüş təbliğat mühitinə cəlb olunması, düşmənə olan qəzəbin istər arxa, istərsə də ön cəbhədə bütövlükdə bütün ölkənin və onun vətəndaşlarının mənafeyinə yönləndirilməsi, ictimaiyyətlə qarşılıqlı əlaqələrin faydalı olması bu günümüzdə son dərəcə aktual əhəmiyyət daşıyan məsələlərdəndir.
Bu gün həyatın özəlliyi, insanların müxtəlif sahələrdə fəaliyyətinin əsasında ön cəbhədə vuruşan əsgərin döyüş ruhunun nifrət və aqressivliyinin dərinləşdirilməsi arxa cəbhənin yüksək vətənpərvəlik və əsgərə güvənli dayaq tonusu ilə dəstəklənməlidir. Üstəlik, öz ərazisində aparılan döyüşlərdə yerli döyüşçünün qəlbində nifrət çağlamalıdır, azadlıq duyğusu sellənməlidir, intiqam duyğusu kükrəməlidir ki, bu da doğma yurdu naminə savaşa girdiyi zaman onun gücünü və dəqiqliyini daha da artırır. İşğala məruz qoyan, təcavüzkar intervensiya qoşunları-düşmən tərəf isə haqsız olduğunu bildiyindən, yalnız silaha, amansızlığa, hər şeyin məhvinə və istehkamların etibarlılığına əsaslanır.
Adətən, geriyə çəkilən işğalçı qoşun bir müddət daha amansız müqavimət göstərir, özündən sonra mümkün qədər çox dağıntılar qoymaq istəyir və hərbi fəaliyyət teatrının yaxınlığında məskunlaşan mülki əhaliyə divan tutmağa can atır ki, yaydığı şayiələrlə qarşı tərəfin arxa cəbhəsinə daha vahiməli təsir göstərsin. Vahimə yaratmaq istəyi konkret regiondan asılı olmayaraq müharibənin əhatə etdiyi ərazidə hərbin kommunikasiyasında önəmli yer tutur. Bunu min il bundan qabaq da bilirdilər və hələ ki, Yer üzündə müharibələr var, deməli, bu həqiqət də öz gücündə qalacaqdır.
Məhz bu amil düşmən tərəfindən istifadə olunur. İşğalçı müharibə məkanına kommunikativ təsir göstərmək, təbliğatın və ictimai şüurun təsir altına alınmasının effektivliyini yüksəlmək üçün, kommunikativ manipuliyasiyaya mühüm əhəmiyyət verir. İnsan psixologiyası tarixən, təkamül prosesində elə formalaşmışdır ki, şayiə tipli xəbərlərin təsirinə tez düşür. Yeri gəlmişkən deyək ki, düşmənin kolossal kommunikasiya resurslarına, onların informasiyanı yayım arealının transnasional çərçivədə olmasına baxmayaraq, bizim – Azərbaycan tərəfinin bu günlər həyata keçirdiyi təbliğat ruporu yüksəkdən səslənir və daha effektiv işləyir. Çünki faktoloji bazası təkzibə yer qoymur, inandırıcıdır və həqiqətə dayanıqlıdır.
Ölkə sakinlərinin və döyüşən bölmələrin təsəvvüründə formalaşan düşmən obrazı, ona bəslənilən dərin nifrət və doğma Vətən tormağına bəslənilən məhəbbətin sarsılmaz sipəri düşmənin kommunikativ manipuliyasiyasına qarşı möhkəm sədd çəkə bilmişdir. Bu gün Azərbaycan vətəndaşının, sadə insanları gözündə vahimə deyil, nifrət qaynayır, hər kəsin qarşısında konkret hədəf və vəzifə var. Bizim mübarizəmizin mayasında haqq işi və eləcə də Vətən torpağının azad olması naminə həyatını belə əsirgəməyən əsgərin bu haqq işinə inamı dayanır.
Xatırladaq ki, bütün antropogenez tarixi - insanlaşma prosesi boyu, sonrakı sivil inkişaf yolunda yaşam üçün təhlükə qorxusu Domokl qılıncı kimi həmişə insanların başı üzərindən sallanmışdır. Bu baxımdan, müharibənin gedişində - hərb maşını fəaliyyət göstərən zaman-düşmən tərəfin ön və arxa cəbhələrimizdə ictimai şüura təsir manipuliyasiyasını öz əlində saxlamağa can atmasını yaxşı bilirik və ona adekvat qarşılıq verməyə hazırıq. Aldadıcı və vahiməli təsirlə - yanlış illüziyalarla insanlara dağıdıcı təsir göstərmək düşmənin ciddi istəyidir. Bizim onlara daha təsirli cavabımız, kommunikasiya hədəflərini seqmentiv olaraq düzgün dəyərləndirməyimiz hərbi uğurlara dəstək olacaqdır. Biz məharətlə hərbin kommunikativ məkanını öz təsir dairəmizdə və nəzarət altında altında saxlamalıyıq.
Həyəcan siqnallarını eşidəndə insanlar sığınacaqlara tələsirlər. Çünki buna təcrübə toplayaraq alışmışlar. Amma ustalıqla həyata keçirilən ictimai şüura panik təsir düşmən döyüşçünü və ya mülki insanı çıxılmaz duruma gətirir, onların bütün varlığını vahimə bürüyür. Bu tipli hərbi sindromlar sonra kütləvi psixozla əvəzlənir, uzun müddət döyüşçülərin mülki həyata adaptasiyası üçün psixoloqlar gərgin işləsələr də, bir çox insanların normal həyata qaytarılması mümkün olmur. Məlumat verilir ki, düşmənimiz – Ermənistan öz yaralılarına ilə psixoloji dəstək məqsədi ilə 200-dən çox psixoloqu səfərbər etmişdir.
Hərbin kommunikasiya məkanına təsir kompleks və sistemli kütləvi təbliğat və təşviqat sayəsinə mümkün olur. Burada məqsəd müxtəlif şüar və çağırışlarla, döyüş nəğmələri və əsgər sıra mahnıları ilə, həm əsgərin, həm də mülki əhalinin qələbəyə inam ruhunu yüksəltməkdir. İndi bizdə çoxlu döyüş şüarları vardır və tipli ciddi sloqanlar insanların ruhunu yüksəldir və döyüş qətiyyətinə dəstək verir.
Bu mərhələdə coğrafi baxımdan daha geniş miqyasda, ətraf ölkələrdə, habelə, daha uzaq dövlətlərin xalqlarında bizim ədalətli müharibə aparmağımız barədə obyektiv təsəvvürlərin yaradılması üçün bütün mümkün vasitələrə can atılması vacibdir. Bundan ötrü hər bir imkandan effektiv istifadə olunmalıdır. Bizimlə sərhədləri olmayan dövlətlərin və xalqların mübarizəmizin haqq işi olduğuna inam yaradılması naminə bütün kommunikativ məcralarda intensiv və effektiv fəaliyyət göstərməliyik. Bu sahədə ciddi fəaliyyətə müharibə bitəndə, sülh danışıqları aparanda da bizim ehtiyacımız olacaqdır.
Kommunikasiya mühiti bir termin kimi diqqəti cəlb edir. Onu xarakterizə etsək, belə deyə bilərik ki, bu, insanlar və insan qrupları arasında baş verən kütləvi və həyat əhəmiyyətli kommunikasiyanı nəzərdə tutur. Biz hərbin kommunikasiya məkanı dedikdə isə əsas hədəf kimi iki əsas kütləni nəzərdə tuturuq. Birinci qrupa dedikdə ön cəbhədə döyüşən ordu, döyüş bölgələrinə yaxın insanlar nəzərdə tutulur. İkinci qrup isə arxa cəbhədə yaşayan və ön cəbhənin həyat fəaliyyətini təmin edən, hər iki halda isə - hərbi şəraitdə mövcud ictimai fikir və onun cari hərbi şəraitə kommunikativ adaptivliyinin səviyyəsi düşünürük.
(ardı var)
Teymur Məmmədov,
Kreativ direktor
Adver.az