UŞAQLAR BİR GÜN BÖYÜYƏCƏKLƏR...


Son 6 ayın gerçəkliyi bizi bəzi mövzulardan kənarda qoyub.


Bir az qaraqabaq, bir az da fikirli olmuşuq.


Çünki biznes fəaliyyətində durğunluq var.


Çünki həyat tempi ləngiməkdədir.


Kommunikasiya imkanları ölkələrin lokal hüdudları ilə məhdudlaşır.


İstehlak dinamikasının əyrisi azalana doğru istiqamət alıb.


İnsanların çoxsaylı sualları var. Bu, zamanın suallarıdır. Onu qabaqlamaq mümkün deyildir. Odur ki, hamımız zamanla dəyişmək zorundayıq.


Amma bunlar bizə yaşanacaq gələcəyə və post-pandemiya dövründə üzləşəcəyimiz problemlərə biganə qalmaq üçün heç bir əsas vermir.


Bu baxımdan uşaq auditoriyasına ünvanlanan reklam materialları mənim diqqətimi xüsusilə cəlb etməkdədir.


Bəlkə də dodaq büzəcəksiniz! Uşaq auditoriyası nədir ki, onun reklam materiallarının özəlliyinə də bu qədər diqqət yetirilsin?!.


İlk baxışda qənaətiniz haqlı da görünə bilər.



PULLU UŞAQLARIN SƏRVƏTİNƏ BAXIN...


Amma...


Amerikanın Sparks&Honey şirkətinin araşdırmaları göstərir ki, bu ölkədə uşaqlar hər il öz cib xərclikləri hesabına sevib-seçdikləri müxtəlif məmulatlara 40 milyard dollaradan çox pul xərcləyirlər. Onu da deyim ki, valideynlərin uşaqlara xərclədikləri pul bu büdcəyə daxil deyildir. İndi bu sahədə maliyyə imkanlarının həcmini dəyərləndirə bildinizmi?


Rusiya kimi müxtəlif tempdə inkişaf edən regionlar ölkəsində uşaqlar üçün malların illik bazar dövriyyəsi yarım triliyon rubldan yüksəkdir.


DAHA PULLU UŞAQLAR DA VARMIŞ...


Daha bir rəqəmə nəzər salaq. Dünya çapında uşaqların cib xərciliyi ilə etdikləri alış-verişin həcmi 300 milyard dollardan artıq qiymətləndirilir. Ekspertlərin fikrincə, uşaqlara böyüklərin xərclədikləri vəsait isə nə az, nə çox - 1.8 trilyon dollar təşkil edir. Bu rəqəmlərə diqqət çəkməkdə məqsədim Sizi heyrətləndirmək deyil. Demək istəyirəm ki, uşaqlar üçün nəzərdə tutulan reklam mövzularına, uşaqlara dair reklam materiallarına, uşaqlar üçün istehsal olunan məhsulların özəlliyinə ciddi yanaşmağı unutmayaq. Uşaq deyib keçməyək...



UŞAQ DEYİB KEÇMƏYİN


Uşaqlar üçün alış-verişdə erkən yaşda uşaqlar pula önəm vermirlər. Pulun mahiyyəti həmin yaşlı uşaqlar tərəfindən hələ tam anlaşılmır. Digər tərəfdən, kiçik yaşlı uşaqlara nəyin alınmasına dair son qərarı böyüklər verir. Çünki pul onlardadır. Amma daha yuxarı yaşlı uşaqların fikri də, qismən də olsa, nəzərə alınır.


Bunun faiz nisbətinə nəzər salın. Belə ki, araşdırmalar onu göstərir ki, 39-46 faiz hüdadlarında qərar verilməsində valideynin dominantlığı olsa da, son qərar uşaqların iştirakı olmaqla və onların fikri nəzərə alınmaqla verilir. Amma daha az büdcəli məhsulların-dəftərxana məhsualları, məktəbli əşyaları və s.- seçilməsində uşaqlara maksimum sərbəstlik verilir. Amma elə hallar olur ki, uşaqlar özləri qərar verirlər-bu 31% təkil edir - çünki bu halda valideynlər onların seçiminə müdaxilə etmirlər.



















MARKETOLOQLAR UŞAQLARA CİDDİ YANAŞIRLAR...


Bu tip yanaşmalar marketoloqların qarşısında ciddi problemlər qoyur. Çünki uşaqlar üçün reklamlar daha büdcəli olur. İnformasiya xarakterli reklam materialları uşaqlar üçün keçərli deyil. Onlar daha əyləncəli, kreativ ruhlu, rəngarəng, oynaq, uşaq təxəyyülünə yaxın və dinamik reklama ehtiyac duyurlar.


Uşaqlar yalnız reklam sayəsində məhsula maraq göstərmirlər. Onları reklam bir video format olaraq daha çox cəlb edir. Uşaqlar reklam olunan materialları mütləq hədiyyəli olduqda almağa meyllidirlər.


Valideynlər uşaqlarını sevindirməyə həvəslidirlər. Bu hiss hər-birimizə tanışdır. Uşaqlar üçün nəzərdə tutulan reklamlar da elə olmalıdır ki, bir məhsulu bəyənən uşaq onun üstünlüklərini və özəlliklərini valideynlərinə izah edə və onları bu məhsulu almağın zəruriliyinə inandıra bilsinlər.



UŞAQ NƏ VAXT UŞAQ DEYİLƏM DEYİR?


Postsovet məkanında və Qərbdə uşaqları fərqli formatda qruplaşdırırlar. Belə ki, Qərbdə uşaqlar üç yaş qrupuna bölünür:


1. 4-5 yaşlı uşaqlar;


2. 9-12 yuxarı yaşlı uşaqlar;


3. 14-16 yeniyetmələr (tineycerlər)


Postsovet məkanında isə ənənəvi olaraq uşaqları beş yaş qruplarına bölürlər:


1. 0-3 erkən yaşlı uşaqlar


2. 4-6 məktəbəqədər yaşlı uşaqlar


3. 7-9 ibtidai sinif yaşlı uşaqlar


4. 10-12 yeniyetməyə çevrilmə yaşındakı uşaqlar


5. 13-15 yeniyetmələr.


UŞAQLAR ÜÇÜN REKLAM İSTEHSALI BÖYÜKLƏRDƏN ÇƏTİNDİR


Uşaqların yaş üzrə qruplaşması uşaqlar üçün məhsulların satışında da marketoloqlar tərəfindən ön plana çəkilir. Təbii ki, azyaşlı uşaqların tələbləri oyuncaqlar çərçivəsində cərəyan edir. Onlar sonrakı illərdə öz dünyagörüşlərində, şəxsi inkişaflarında və xəyal qurmalarında yeni hüdudlara çıxmaları saysində sürətlə dəyişən tələblərə malik olurlar.


Balaca uşaqların tez böyümək istəməsi dövründə oyuncaq meylləri və daha sadə xəyallar qurma vərdişləri bir cür yanaşma tələb edirsə, özlərini artıq uşaq deyil, uşaqlardan böyük, böyüklərdən kiçik sayan yaşlı balacaların başqa və fərqli seçimi olur. Onlar kiçiklərdən böyük olduqlarının təkəbbürünü yaşayır, amma böyüklərdən kiçik olmalarının da özəlliklərindən çıxış edərək, artan tələblərinin və dəyişən zövqlərinin ardınca qaçmalı olurlar. Keçid dövründə uşaqlar daha sərt təbiətli və sərbəstliyə meyllidirlər!



PROBLEMƏ YAŞ QRUPLARI ÜZRƏ NƏZƏR YETİRSƏK…


Reklam materialları hazırlayanda və onların istehsalını həyata keçirərkən nəzərə almaq lazımdır ki, 0-3 yaşlı uşaqlar sadə oyuncaq, yemək və paltara daha çox meylli olduqlarını göstərirlər. 3 yaşın tamamında isə onlardan seçimlərini soruşduqda öz istəklərini ifadə edə bilirlər.


Məktəbəqədər yaşda uşaqlar fərqli davranış tərzinə və dəyişən alışqanlıqlara üstünlük verirlər. Belə ki, onlar daha çox oyunlara meylli olurlar və oyun ehtiyaclarını qarşılayan, habelə əyləncə xarakterli məhsullar onların diqqətini xüsusi olaraq cəlb edir.


Kiçik yaşlı uşaqların (ibtidai siniflər) öz maraq dairəsi olur. Onlar ətraf mühitə inteqrasiya olmağa və öz xəyal dünyalarını formalaşdırmağa başlayırlar. Bu qrupa aid olan kiçik yaşlılar daha sərbəst olmaq istəyirlər. Onlar öz istəklərini müdafiə edə bilir və hər-hansı bir məhsul seçimi zamanı öz iradələrini nümayiş etdirirlər. Öz istəklərini önə çəkirlər. Bəzi hallarda, xüsusilə də müasir texnoloji cihazların özəlliklərinə dair spesifik məlumatlılığa malik ola bilirlər.


Yeniyetməliyə qədəm qoyan yolda gedənlər bir az qapalı olurlar. Onlar tam sərbəstliyə can atırlar. Öz daxili maraqlarını xəsisliklə paylaşırlar, dəymədüşər olurlar, tez inciyirlər. Amma ətraf mühitə və dünyada baş verən prosesləri başa düşməkyə həvəslidirlər. Nailiyyətlər qazanmaq və olduqları kollektivdə baqalarından seçilmək istəyirlər.


Yeniyetmələr isə ciddi fərqliliklərə malik yaş qrupu kimi seçilir. Bu mərhələ əslində onların şəxsiyyətlərarası münasibətlər mərhələsinə qədəm qoyduqları dövrdür. Bu zaman onlar hansısa bir məhsulu sadəcə almaqla kifayətlənmirlər. Geyim, cihaz seçimində və həyat tərzlərində bir özəllik, fərqlilik və üstünlük qazanmaq tendensiyası önə çıxır, onların daxilində prinsipial olaraq yeni müstəvidə həyat başlayır - öz yaşıdlarından fərqli olmaq və onlardan öndə olmaq istəyi bu yaş qrupuna daxil olan hər yeniyetmədə baş qaldırır.



UŞAQLAR ÜÇÜN REKLAM İSTEHSALINDA ÖNƏMLİ MƏQAMLAR


Bütün söylədiklərim və söyləmədiklərim onu deməyə əsas verir ki, uşaqlar üçün reklam materiallarının hazırlanmasında və istehsalında nəzərə alınmalıdır:


- yaş qruplarının özəllikləri və onların spesifikliyi;


- yaş qruplarının fiziki və fizioloji özəllikləri;


- yaş qrupları üçün bütün məhsulların şəxsi gigiyena tələblərinə cavab verməsi;


- yaş qruplarının hər biri üçün faydasız olan informativ reklam materiallarından tam imtina olunması və marketoloqlar tərəfindən bunun faydasızlığına tam əminlik;


- reklamlarda valideynlər və uşaqlar arasında münaqişə ehtimalının aradan qaldırılması;


- reklam olunan məhsulun bu və ya digər şəkildə hədiyyəli olduğunun xüsusi vurğulanması;


- reklamların əyləncəli, şux və oynaq olması, musiqiyə və görüntülərin boya zənginliyinə diqqət yetirilməsi;


- bütün yaş qruplarından olan uşaqlara həyat sevinci, bəxtəvərlik bəxş edilməsi;


- uşaqların sağlam böyüməsində etibarlı vasitəçi olmaq.


Uşaqlara tez böyümələri istəkləri ilə,


Teymur Məmmədov,


Kreativ direktor


Adver.az