“Snapchat” tətbiqinin məşhurluq səbəbi olan və günümüzdə artıq, həm də Instagram və Facebook-da da tez-tez qarşımıza çıxan “filter”lər, deyə bilərik ki, dünyanı və ən əsası, cəmiyyəti fərqli istiqamətdə dəyişdirməyə başlayıb.


Cəmiyyətin qadınlara yüklədiyi məsuliyyətlərdən olan gözəllik, incəlik və zəriflik anlayışları bu yenilikçi Instagram filterlərində də özünü büruzə verir.


İllər-illər əvvəl Snapchat-da yaradılan bu funksiya bizim üzümüzü oxuyaraq ona uyğun maskalar əlavə edir və bizi bir növ “dəyişdirir”di. İlk dəfə viral olanda bir it filteri səbəbilə qızların diqqətini çəkən maska istifadəçinin ağzını açması ilə birlikdə işləyirdi. Əslində, buradakı məsələ qızların özünü itə bənzətməsi deyildi. Buradakı həqiqi məna həmin effekt sayəsində dərinin hamar və qüsursuz görünməsi, çənənin isə kəskinləşməsi idi.


Beynəlxalq səviyyədə tanınırlıq qazanmış influenser və bloqerlərin Photoshop və FaceTune kimi proqramlardan məharətlə istifadə etməsinin yaratdığı “özün kimi olma, mükəmməl ol” mənasına gələn düşüncə bu filterlərdən sonra qadınların beynində yer etməyə başladı.


“Mən Kayli Cenner kimi gözəl bədənə sahib deyiləm”, “Üzüm təmiz deyil”, “Ən sevdiyim brend mənim bədən ölçülərimə uyğun paltarlar istehsal etmir”, “Məndən heç kimin xoşu gəlməyəcək, çünki saçlarım sadə qəhvəyi rəngdir”.



Bu, cəmiyyət və sosial medianın bizə ötürdüyü düşüncədən başqa bir şey deyil. Instagram filterlərinin bir-birinə bənzəyən formaları - dərini hamarlaşdırması, üst dodağı böyütməsi, burnu kiçiltməsi və daha dik formada göstərməsi, çənəni kəskinləşdirməsi, üz formasını üçbucaq halına salması, demək olar ki, gözəllik sektorunu bu istiqamətdə dəyişdirir.


Reklam aləminin bir-birinə bənzəyən gözəl modelləri, televiziya dünyasının ən gəlirli aktrisaları və sairə - insanlar özləri haqqında pis hiss etməyə məcbur edilir, bir növ. Səbəb isə çox sadə - daha çox pul qazanmaq.


Media və reklam aləmində qadın obrazları ilə bağlı xüsusi və ayrıca məqalə yazmaq mümkündür, çünki bu, hələki media tənqidinin inkişaf etmədiyi bir ölkə üçün uğurlu addım olar. Fəqət bugünkü mövzumuz daxilində yalnız hər gün 5-6 saatımızı keçirdiyimiz sosial şəbəkələrin yaratdığı ümumi fikirdir.



Bir tərəfdən dünya təbiiliyə önəm verdiyini qeyd edərkən həmin cəbhədə “body positivity” kampaniyaları üçün mübarizə aparan influenserlər digər insanlara özlərini olduqları kimi sevməyi təlqin etməyə çalışır. Bir tərəfdən “gözəl qadın” anlayışına uyğun gəlib özünün ən mükəmməl halını görmək istəyən xanımlar estetik cərrahların 2 illik kommunal borcunu yalnız 1 əməliyyatda xərcləyir.


Bu fiziki dəyişiklikləri biz gördükdə bunun pərdə arxasından - mental sağlamlıqdan danışmaq çətin olur. Qadın gözəldirsə, demək məsələ burada bitir və şübhəsiz, mənəvi və psixoloji sağlamlıq bu mövzunun kənarında qalır.


Virtual dünya daxilində bəhs edilən “hörümçək torları” nə qədər geniş və sonsuzdursa, hər dəfə özümüzə və öz həyatımıza nifrət etmək üçün yaranan səbəblərin sayı da bir o qədər çoxdur. Bu isə yalnız Instagram, Facebook, Snapchat səbəbilə deyil.



“Women’s Health” jurnalının araşdırmasına görə, TikTok tətbiqində başlayan “#SideProfileCheck hashtag” adlı yeni trend insanların özlərini profildən çəkməkləri ilə bağlıdır. Buradakı əsas məsələ insanların necə mükəmməl çənə və buruna sahib olduqlarını göstərməkdir. İnsanlara necə təsir etdiyini düşünmək çətin deyil.


Jurnalın araşdırmalarından biri isə dematoloq və estetik cərrah - Dr. Idriss və Dr. Liottanın dediyinə əsaslanır. Qeyd edirlər ki, onlara müraciət edən 20-li yaşlı qızlar daha çox “Bella Hadid” üzü, yəni geriyə çəkilmiş, “pişik göz” deyə ifadə edilən formada gözlər istəyirlər. Bu prosedurlara qaş qaldırmaq üçün botoks, yaxud dərinin altına yeridilən iplər daxildir.



Dr. Liotta estetik burun əməliyyatları üçün də kifayət qədər yüksək rəqəmlərə sahibdir: “Ayda ən az 30 dəfə burun əməliyyatlarına girirəm. Əməliyyatdan sonra insanlar Instagram-da gördüklərinin real olmadığını anlayırlar”. Burun əməliyyatlarına ödənən ortalama gəlir 1,500 dollardır.


2000-ci ildən bu yana dodaq böyütmək prosedurlarına müraciət 71% artıb. Millenium uşaqlarının izləyərək böyüdüyü “Bratz” oyuncaqları artıq ideal dodaq üçün ikon halına gəlib. 2019-cu ildə həyata keçirilən dodaq botoksları qeyd etdiyimiz 71%-in 2,9 milyonunu əhatə edir.


Statistika üçün mənbə və ətraflı oxu: Women’s Health - It’s Easier Than Ever To Make A New Face On Social Media. But Is It Killing Your Confidence?


Müəllif: Pəri Abbaslı