Restoran biznesində pul qazanmaq heç vaxt asan olmayıb. Pandemiyanın ən çox təsir etdiyi sahələrin başında restoran biznesi gəlir. 17 il öncəki SARS virusunun yayıldığı dönəmə baxsaq, çoxlu sayda kiçik müəssisələrin bağlandığını görə bilərik. Araşdırmalara, əsasən qeyd olunur ki, 2003-cü ildə paytaxt Pekində qida və içki sektorundan əldə olunan gəlir, əvvəlki ilə nisbətən 50-80% arası azalmışdır. Restoranların isə 70%-i bağlanmış və qida və içki sektoru ancaq o ilin iyun ayından sonra özünə gələ bilmişdir. Avqust ayının 15-də qəbul olunan qərarə, əsasən ayın 18-dən etibarən ictimai iaşə obyektləri yalnız açıq hava şəraitində saat 9:00-dan 22:00-dək müştərilərə xidmət göstərə bilərlər.
Hazırki dövrdə müştərilərin restoranlara gəlməməsinin səbəbləri olaraq aşağıdakıları qeyd edə bilərik.
- Virusla bağlı narahatlığın hələ də davam etməsi;
- Müəssisənin təmizlik qaydalarına, gigiyenik şərtlərə nə dərəcədə riayət etməsi ilə bağlı güvənsizlik;
- Pandemiya dövrünün evdə yemək hazırlığını artırması;
- Sağlam qidalanmağa üstünlük verilməsi və nəticədə fast-food tipli müəssisələrə yönəlmənin azalması;
- İqtisadi sıxıntılarla bağlı istehlakçılarda qiymət həssaslığının formalaşması və qiymətləri artıran müəssisələrə yönəlmənin azalması;
Lakin ölkəmizdə də çox ciddi yara alan qida-içki sektorunun, pandemiyadan sonrakı dövrdə daha sürətlə inkişaf edəcək sahə olacağı düşünülür. Belə ki, pandemiya dövrü restoranda yemək yeməyə əlavə xərc kimi baxan insanların belə fikirlərinin dəyişməsinə səbəb ola bilər. Çünki pandemiya dövründə çoxları restoranların sadəcə doyduğumuz məkan olmadığını, həmçinin, sosial həyatımızın mərkəzində olduğunu anlamağa başladı. Bu dövrdə restoranların bizim üçün sosiallaşdığımız, vaxt keçirdiyimiz, əyləndiyimiz və bir çox duyğumuza xitab edən məkanlar olduğunu daha yaxından və dərindən başa düşdük.
Normallaşma dönəmində iki tip istehlakçı və müəssisə olacağı düşünülür. Belə ki, istehlakçı olaraq hər şeyi unudub yenə əvvəlki formada kafe və restoranlara gedənlər və bunun əksinə olaraq pandemiyadan sonra da narahatlıq yaşayanlar və restoranlara getmək istəməyənlər.
Müəssisə olaraq da gigiyenik qaydalara daha yüksək səviyyədə riayət edənlər və ya əvvəl olduğu kimi fəaliyyət göstərənlər.
Hazırda müəssisələr istehlakçıların özlərini gigiyenik şərtlər baxımından daha təhlükəsiz hiss etmələrini təmin etməyə çalışırlar. Daha gigiyenik müəssisələrə və sərt qida təhlükəsizliyi olan restoranlara müraciətin artacağı düşünülür.
Sosial məsafəyə nəzarət, maska və əlçəkdən istifadə, qida təhlükəsizliyi qaydalarına riayət olunması əslində hər biri müəssisə üzərində müəyyən çətinlik yaradır. Sosial məsafəyə nəzarətin müştəri azlığına səbəb olması, işçilərin maska və əlçəklə təmini və dezinfeksiya maliyyətinin müəssisənin üzərində olması menyuda qiymətlərin artımına gətirə çıxara bilər.
Pandemiya dövrü restoranların fəaliyyətinə yeniliklər gətirdi. Pandemiya zamanı müəssisələr onlayn fəaliyyətini genişləndirdi. Onlayn sifarişdən istifadənin genişlənməsi belə satışı daha da stimullaşdırdı və müştəri ilə müəssisə arasında əlaqənin artmasına səbəb oldu. Müştərilər müəssisədəymiş kimi suallar verib, anında da cavab almaq istəyirlər. Sifariş həm çatdırılarkən, həm də çatdırıldıqdan sonra da əlaqə saxlamağa davam edilir. Nəticədə onlayn şifariş müştəriləri daha professional istehlakçı halına gətirdi.
Sosial media marketinq fəaliyyətinin də daha da artacağı düşünülür, belə ki bu günə qədər bu sahəyə soyuq baxan və ya bilmədiyi bir sahə olduğu üçün uzaq olan müəssisə sahibləri sosial media marketinqinə daha artıq önəm verəcək. Bu sahədə mütəxəssislərlə əlaqə artacaq və yeni tətbiqlər, yeni xidmət vasitələri yaradılacaq. Qarşımızdakı dövrdə sektordakı müəssisələrin rəqəmsal vasitələrə investisiyalarının artacağı düşünülür.
Müştərilərin dəyişən ehtiyacları ilə bağlı onları gözləyən yeniliklər:
- Onlayn rezervasiya sistemi: Müəssisələrin daha aktiv şəkildə bu sistemlərdən istifadəsi;
- Təmassız ödəniş vasitələri: QR kod və mobil vasitələr kimi təmassız ödəmə sistemlərinin müəssisələr tərəfindən mənimsənməsi;
- Rəqəmsal menyular və antimikrob tabletlərin yayılması;
- Onlayn sifariş xidmətlərinin artması;
- Menyularda immuniteti gücləndirəcək qidaların çoxalacağı;
- Menyularda paketlənməsi və daşınması çətin məhsulların azaldılması;
Yuxarıda sadaladığımız yeniliklər ilə yanaşı, azərbaycanlı sahibkarlar post-pandemiya dövründə də pul qazanmağın yolunu tapıblar. Yeni qaydalara görə, restoranlar üç tərəfdən açıq olmalıdır, ancaq aşağıdakı fotodan gördüyünüz mənzərədə sahibkarın piyadaların yolunu kəsdiyinin şahidi oluruq. Nə deyək, bu da bizim yeniliyimizdir
Yekun olaraq onu qeyd edək ki, koronavirus restoran biznesi də daxil olmaqla, bir çox sahibkarlar üçün yeni şəraitə daha tez adaptasiya olmaq üçün təcrübə qazandırdı. Bu isə o deməkdir ki, onlar hər bir halda belə vəziyyətlərə öncədən hazırlıqlı olacaqlar.