Üz cizgilərinizin xarakterinizdən xəbər verdiyini bilirdinizmi? Alnınızın formasının, qaşlarınızın, gözlərinizin quruluşunun, hətta üzünüzdəki qırışıqlarınızın da üz oxuma elmində özünəməxsus mənaları var.


Üz oxuma elmi fizyonomiya adlanır. Bəzi mənbələrdə fizyognomiya olaraq da qeyd olunur. Bugünkü yazımızda isə üzün hissələrindən və buna uyğun satış tövsiyələrindən danışacağıq. Mənbə kimi Richard Webster-in "Kolay ve Pratik Yüz Okuma Sanatı" kitabından istifadə edəcəyik.


Belə ki, kitabda qeyd olunur ki, üz şaquli olaraq üç hissəyə ayrılır.


Birinci hissə saç cizgisindən başlayır və qaşların üzərində bitir. Bu qisim Analitik zona adlanır. İkinci bölgə qaşların təpəsindən başlayır və burnun altında sonlanır. Bura Əzm zonası adlanır. Üçüncü bölgə isə burnun bitimindən başlayır və çənənin altında sonlanır. Buna Praktik Zona və ya Dünyəvi Zona deyilir.


Gəlin bunları nümunə üzərindən fərqləndirək, öncə Analitik zonası geniş olan insanın ev alma prosesini nəzərdən keçirək. Analitik zonası geniş olan insan, köçəcəyi yer haqqında bütün detalları araşdıracaqdır.


Köçmək istədiyi məhəllələrlə digər məhəllərin əhali müqayisəsini edəcək, məktəbləri araşdıracaq, bütün ehtiyaclarının qarşılanıb qarşılanmayacağını müəyyənləşdirəcək. Bu tip insanlar qərar vermədən öncə çox düşünən insanlardır. Və onlar dəyərləndirməyi, tədqiq və təhlil etməyi çox sevirlər.


İkinci bölgəsi böyük olan insanlar köçəcəyi yerlə bağlı iş imkanlarını araşdıracaq və ancaq maddi baxımdan daha qazanclı olacaqlarını düşündüyü zaman ev almağı qərara alacaqdır. İş qurma və investisiya ehtimallarını mütləq araşdıracaqdır.


Praktik zonası geniş olan insan qərar verdiyi anda hərəkətə keçən bir tipdir. Cəld davranırlar və sabah bəyəndikləri evi axşam ala bilərlər.


Nəticə olaraq bir əmlakçı olaraq siz də analitik zonası geniş olan müştəri ilə qarşılaşdıqda bol-bol detallı şəkildə məlumat verin, yaxınlıqdakı keyfiyyətli məktəblər, alış - veriş mərkəzləri, köçmək istədiyi yerin təhlükəsizliyi və s. haqqında danışın.


Əzm zonası ön planda olan insanla qarşılaşdıqda finansla bağlı məsələlərlə məlumatlandırın. Yüksəlmək üçün çox çalışmağa hazır insanlardır.


Praktik zonası böyük olan müştərinizin razı olduğunu hiss etdiyiniz anda isə müqaviləni dərhal hazırlamağa başlayın. Əgər praktik zonası geniş olan insan evi bəyəndiyinə qərar verdisə, ən qısa zamanda o evi alacaqdır.


Müəllif: Y.A.