İnsan, yer üzündə yaşayan digər canlılarla eyni və ya bənzər fizioloji və bioloji xüsusiyyətlər göstərsə də, onlardan fərqli çox əhəmiyyətli iki unikal xüsusiyyətə: duyğulara və intellektə sahibdir. Məhz bu iki xüsusiyyətin sayəsində insan sakini olduğu yer üzünün tək hakimi ola bilmişdir.


(ALPHA Coaching & Consulting)


Abbasova Brilyant İdris qızı


Azərbaycan Dövlət Aqrar Universiteti


Açar sözlər: emosional zəka, insan resursları, idarəçilik, lider, iş həyatı, hisslər.


Xülasə. Müasir dövrün işləri və işçiləri ötən yüzillikdəkindən çox fərqlidir. İş həyatının qaydaları dəyişkəndir. Artıq sadəcə, şəxs necə ağıllı olar ya da hansı bacarıqlara sahib olmağı deyil, eyni zamanda bir-birləri ilə necə əlaqə qurarlar və bir-birlərini necə başa düşərlər mövzuları da əhəmiyyət qazanmışdır. Hal hazırki dövr çox sürətli bir şəkildə dəyişir. Son bir neçə ildə artan rəqabət, müxtəlif cür müştəri tələbləri rəhbərlik anlayışını da dəyişdirmişdir. Bu anlayış daxilində işləməyə istiqamətlənən şirkətlərin, zehni qabiliyyəti yüksək, bilik və texniki bacarıqları üst səviyyədə olan bəzi işçilərdən gözlədikləri səmərəni ala bilmədikləri qeydə alınmışdır. Lakin, bir şirkətdə işləyənlər, fikir və düşüncələrini bir-biriləri ilə rahat şəkildə bölüşə bilirlərsə, bir-birlərini tənqid edə bilir və bundan kimsə incimirsə şirkətdə əməkdaşlıq və həmrəylik hissi varsa, işləyənlər nəyəsə cəhd edə bilirlərsə və bu istiqamətdə dəstəklənirlərsə, yəni şirkətdə “biz” hissi varsa, o halda o şirkətin emosional zəka istiqamətində fəaliyyət göstərdiyini qeyd etmək olar.


Giriş. Araşdırmalara görə bir təşkilatdakı ümumi EZ-nin (Emosional Zəka) yüksəlməsi təşkilatı müsbət istiqamətdə bazadan (təməldən) sarsıldır. Təbii ki, müsbətə doğru. Aparılan statistik göstəricilərə görə insanların 50%-indən çoxu işi öyrənmə və inkişaf etdirmə motivosiyasının çatışmazlığından əziyyət çəkirlər.


10 şəxsdən 4-ü iş yoldaşları ilə birlikdə işləmə bacarığına sahib deyil. Yeni müraciət edənlərin yalnız 19%-i iş vərdişlərinə bağlı olaraq özünü intizam etmə gücünə malikdir. Liderlik təhsilinə (öyrənilməsinə) xərclənən milyonlarla dolların gəliri gözləniləndən daha da aşağıda olub, pulun lazımsız yerə xərclənməsi ilə nəticələnməkdədir.


Əgər bir şirkətdə işləyənlər, fikir və düşüncələrini bir-biriləri ilə rahat şəkildə bölüşə bilirlərsə, bir-birilərini tənqid edə bilir və bundan kimsə incimirsə şirkətdə əməkdaşlıq və həmrəylik hissi varsa, işləyənlər nəyəsə cəhd edə bilirlərsə və bu istiqamətdə dəstəklənirlərsə, yəni şirkətdə “biz” hissi varsa, o halda o şirkətin emosional zəka istiqamətində fəaliyyət göstərdiyini qeyd edə bilərik. Emosional zəka özünü və digər insanları başa düşməyin bir yoludur. İnsan əlaqələri şirkətlər üçün, zehni xüsusiyyətlərdən daha çox əhəmiyyətə malikdir. Bu günün idarəçilik anlayışında fərdi üstün xüsusiyyət və uğurlar deyil, qrupların üstünlükləri və uğurları əhəmiyyət qazanmaqdadır. Qrupla birlikdə işləməyin, uğurlu və məhsuldar olmağın yolu da qrup (təşkilat) üzvlərinin emosional zəkaya malik olmaları ilə əlaqədardır.


Uğur və emosional zəka iş həyatının bütün sahələrində IQ-dən (intelligence quotient) 2 qat daha çox yararlıdır. Lider və rəhbərlərin demək olar ki, 90%-i emosional zəka hesabına uğurludurlar. Çünki emosional zəka, əlaqələri davam etdirməyin, qulaq asma, empatiya qurma və faydalı tənqid yaratmağın sənətidir.


Şirkətlərin uzaq məqsədi, şəxslər arasında stresi minimuma endirmək və şəxslər arası əməkdaşlığı ən yüksək həddə çatırmaqdır. Hisslərin sərhəddən çıxdığı vaxt onları idarə edə bilməyən əsəbi işçilər müasir təşkilatlarda təqdirlə qarşılanmır. Yüksək emosional zəkalı işçilər, “insanların hissləri ilə empatiya qurma” davranışını göstərirlər. Belə insanlar bacarıqlarını istifadə etmələri ilə, bir-birilərini təsir etmələri səmərəli olduğu kimi, bu təsir bir vəzifədən çox, bir zövq halına gəlir. Bu da təşkilat üçün yararlıdır. Yüksək emosional zəkalı işçilər yüksək dinləmə qabiliyyətinə malik olurlar.


Dinləmədə uğursuzluq, “sən əhəmiyyətli deyilsən, amma mən daha vacibəm” demək hesab olunur. Qulaq asma qabiliyyəti olmayan işçi emosional zəkanın bir istiqaməti olan iş yoldaşlarını başa düşmə və empatiya qurmada uğursuz olur. İşçilər əvvəlcə, həm bir-birilərini aydın olaraq başa düşmə, həm də hisslərini başa düşməyə nail olduqda, şirkətin inkişafı üçün bacarığı “yaradıcı tənqidi” formalaşdırmış olurlar.


Emosional zəka iş həyatında böyük rol oynayır. Məsələn, fərz edək ki, siz hər-hansı bir şirkətdə işləyirsiniz və çox əhəmiyyətli layihəyə rəhbərlik etməyə başlamısınız. Müdiriniz çox tələbkardır və sizə böyük təzyiq göstərə bilər. Eyni zamanda, siz anlayırsınız ki, iş yoldaşlarınız sizin bu işdə uğursuzluğa düçar olmağınızı səbirsizliklə gözləyirlər. Belə hal yüksək stressli vəziyyətdir və sizin bir neçə yolunuz ola bilər. Əksər aşağı emosional zəkası olan insanlar stressə boyun əyəcəklər və layihəni itirəcəklər.


Çünki insan məsələyə ağıllı reaksiya verməmişdən əvvəl emosional reaksiya verməyə fiziki olaraq bağlıdır. Belə olan halda hisslərini idarə edə bilməyən insanlar doğru qərar qəbul etməkdə çətinlik çəkirlər və əksər hallarda qəbul etdikləri qərarlar uğursuz olur. Lakin eyni vəziyyətdə yüksək emosional zəkaya sahib insanlar yüksək təzyiqə və stressə olan reaksiyalarını boğa bilirlər və öz davranışlarını ələ alaraq özlərini yığışdıra bilirlər. Onlar özlərini stressli vəziyyətə uyğunlaşdırırlar və əksər hallarda doğru qərar qəbul edirlər.


Hazırda insan resursları şirkətləri müxtəlif testlərlə işə müraciət edən şəxslərin emosional zəka səviyyələrini ölçüb ona görə işə qəbul edirlər. Bir çox şirkətlər artıq qrup fəaliyyətinin əhəmiyyətini dərk etmişdir və bütün işçilərin emosional zəka səviyyələrinin yüksək olmasını istəyirlər. Əvvəllər insanları IQ səviyyələrinə görə qruplaşdırırdılar, amma indi təkcə IQ deyil, bunun yanında emosional zəkanın da çox əhəmiyyətli olduğunu qəbul edib ona görə qruplaşdırırlar.


Emosional zəkanın meydana gəlmə səbəbi məntiqin təsirlərinin azalmasından çox, hisslərin əhəmiyyətinin daha da artmasına əsaslanır. 20-ci əsrin iş sahəsində IQ-nün (intelligence quotient) aparıcı gücü əhəmiyyətli idisə, hazırda EQ-nün (emotional intelligence) rolu artmaqdadır. Emosional zəkanın modelini yaradan John D.Mayer və Peter Salovey emosional zəkanın tək bacarıqla deyil, fərdin iş və şəxsi həyatında uğurlu olmasına imkan verən, özünün və başqasının hisslərini başa düşüb qiymətləndirməyə, ifadə və nəzarət etməyə kömək olan, hissləri idarə etməyi əhatələyən çox sayda qabiliyyətlərin birləşməsi olduğunu qeyd etmişlər. Emosional zəkanın niyə əhəmiyyətli olduğunu bilmək üçün Travis Bradberry və Jean Greavesin təcrübələrinə baxmaq olar. Onların “Emotional İntelligence-2” kitabında keçirilmiş təcrübələrin aşağıdakı nəticələri qeyd olunmuşdur:


- Öz işlərində yüksək göstəriciləri olanların 90%-ində emosional zəka yüksəkdir.


- İşdə aşağı göstəricilərə malik insanların yalnız 20%-ində emosional zəka yüksəkdir.


- Emosional zəka işdə uğurun yeganə göstəricisidir.


- Emosional zəkaları yüksək olan işçilər emosional zəkaları aşağı olan işçilərə nisbətən orta hesabla, 29000$ daha çox qazanırlar.


Bu nəticələr bütün səviyyələrdə, bütün ölkələrdə özünü doğruldur. Bu nümunələr 500000-dən artıq seçilmiş fərdin nümunəsinə əsaslanır. Emosional zəkanın əlamətlərini istifadə edə bilən şəxs özünə və başqalarına aid hissləri tanıyar və idarə edə bilər. Belə şəxslər həyatlarını daha yaxşı bir şəkildə davam etdirə bilirlər.


Uğuru müəyyənləşdirən qaydaları dərk etmə və istifadə bacarığına sahibdirlər. Buna görə də digər insanlardan daha üstündürlər. Emosional həyatını idarə edə bilməyən şəxslər isə işlərinə diqqət edib uğura çatmalarını təmin edən bu bacarıqları (qabiliyyətləri) lazimi səviyyədə istifadə edə bilmirlər. Bununla yanaşı emosional zəkanın inkişaf etdirilməsi mümkün olan bacarıqların məcmusu olduğunu, insanların həyatının hər sahəsində uğurlu olmaq üçün emosional zəka bacarıqlarının təsirli bir şəkildə istifadə etmələrinin lazımlı olması qeyd edilə bilər. Lakin bunu edərkən hər bir şəxsin əvvəlcə şəxsi (öz) hisslərini başa düşərək idarə etməli, arzularına çatanadək ruhdan düşməməli, məqsədləri reallaşdırma prosesində qarşısına çıxan bütün əngəlləri məğlub etməyə əzmkar olmalı, başqalarını başa düşməyə və onlarla yaxşı əlaqələr qurmağa maraqlı olmalı və bütün bunları edərkən özünü qarşısındakının yerinə qoyaraq onun kimi düşünə bilməlidir.


Emosional zəkadan istifadə etməyin nəticələri müxtəlif sahələrdə işçilərə edilən bir çox araşdırmaların üzərində qurulur. İş həyatının qaydaları dəyişməkdədir. Artıq sadəcə, şəxs necə ağıllı olar, ya da hansı bacarıqlara sahib olmağı deyil, eyni zamanda bir-birləri ilə necə əlaqə qurarlar və bir-birlərini necə başa düşərlər mövzuları da əhəmiyyət qazanmışdır. Hal hazırki dövr çox sürətli bir şəkildə dəyişir. Son bir neçə ildə artan rəqabət, müxtəlif cür müştəri tələbləri rəhbərlik anlayışını da dəyişdirmişdir. Bunun nəticəsi olaraq rəhbərlik anlayışına tam keyfiyyət anlayışının davamı olan üfüqi idarəçilik və qrup fəaliyyəti anlayışları daxil olmuşdur.


Bu anlayış daxilində işləməyə istiqamətlənən şirkətlərin, zehni qabiliyyəti yüksək, bilik və texniki bacarıqları üst səviyyədə olan bəzi işçilərdən gözlədikləri səmərəni ala bilmədikləri qeydə alınmışdır. Hazırki zamanda bir işə müraciət edənlər arasından seçilmiş ən parlaq CV-nin sahibinin, bəzən iş fəaliyyəti daxilində ən əhəmiyyətli problemlərin qaynağı olması çox rast gəlinən bir haldır. Bunun nəticəsi olaraq psixoloqlar idarəçilik anlayışına “emosional zəka” anlayışını daxil etmişlər. Emosional zəka burda kimlərin işlərində yükələcəyinə, kimlərin yüksəlməyəcəyinə, hətta uçuruma gedəcəyinə və kimlərin getməyi və kimlərin qalmağına qərar verir. Aşağı istehsal, yanlış mühakimələr, mənfi qərarlar, yanlış şəxslərin işə qəbulu və düzgün şəxslərin (işçilərin) itirilməsi, işçilərin aşağı motivasiyası, qrup fəaliyyətinin çatışmazlığı və şəxsi idarəçiliyin zəifliyi – bunların hamısının günahkarı hisslərdir.


Yüksək istehsalın, doğru mühakimələrin, ağıllı qərarların, doğru şəxsləri işə qəbul edib əldə saxlamanın, digərlərinin motivasiyasını yüksəltmənin, güclü qrup fəaliyyətinin və öz-özünü idarə etməyin cavabı da hisslərdir. Təşkilatlarda konkret maddi gerçəklər dünyasındakı problemlərlə mübarizə aparmaq asandır. Bunlar rasional qaydalarla, məntiqlə, təcrübə ilə, qısaca beyinlə zəka ilə həll edilə bilərlər. Ancaq hisslər


dünyasındakı problemlərə həll tapmaq çox çətin və zaman aparandı. Təşkilatlarda böyümə və inkişafı əngəlləyən ən önəmli faktorlardan biri, hisslər dünyasında həllsiz qalmış problemlərdir. Elə bütün bu problemləri ortaya çıxarılması və uyğun həllərin tapılması məsələləri məsuliyyəti üzərinə götürmüş hisslərini düzgün idarə edə bilən və istiqamətləndirən liderlərə verilmişdir. Emosional zəka bacarıqları ilə hərəkət edən bir lider-rəhbər, insan əlaqələrindəki problemlərin, etibarsızlığın, hissləri idarə edə bilmədən edilən səhvlərin nəticələri ilə zaman sərf etməyəcək, yeni fürsətlər yaradacaq və enerjisini daha məhsuldar və güclü fəaliyyətlərə yönəldə biləcəkdir.


Nəticə. Beləliklə, insanı karyerada irəli aparan, sahib olduğu üstünlüklər toplusu bunlardır: Birincisi, emosional zəka lazımdır. Yəni, insan özünü dərk etməlidir. Hər vəziyyətdə bunu bacarmalıdır. Özünü dərk edən insanların dəyərləri, məqsədləri olur. Bu şəxsi həyatda da belədir. İkincisi, özünü tənzimləmə çox vacibdir. Emosiyalarını idarə edəndə hər hansı vəziyyətdən çıxış yolunu tapmaq üçün emosiyalara qapılmırsan. Üçüncüsü, həvəsləndirmə-motivasiyadır.


İnsan karyerada uğur qazanmaq istəyirsə, özünü də, digərlərini də həvəsləndirməlidir. Dördüncü, empatiya hissi - özünü başqaların yerinə qoymaqdır. Biz insanlar beləyik ki, tez qərar verir, tez tənqid edə bilirik. Amma empatiya hissi vacib elementlərdən biridir ki, uğur qazanmağa kömək edir. Beşinci isə sosial, ünsiyyət bacarıqlarının olmasıdır. İnsanlarla ünsiyyəti bacarmaq lazımdır. Bunu bacaran insanların geniş şəbəkəsi olur və bu da məqsədə gedən yolda hər kəsə yardımçı olur.


İstifadə edilmiş mənbələr


  1. https://www.facebook.com/...
  2. www.tipii.edu.az/az/article/268
  3. F. Q. Vahidov, T. B. Ağayev . Sosial idarəetmənin xarakter xüsusiyyətləri və struktur ünsürləri elmi məqalə, Bakı, 2017