- Dünənki mübahisəmiz yadındadır?
- Sən tam olaraq nədən bəhs edirsən, biz mübahisə etmişdik ki, xatırlamıram...
- Səni son günlər heç də yaxşı görmürəm. Qorxuram şizofren babana oxşayarsan.
- Sənə dünən filan qədər pul vermişdim.....
- Sənin mənə pul verdiyini xatırlamıram.
- Görünür yenə hər şeyi unutmağa başlamısan.
Yəqin ki, həyatınızda yuxarıdakı dialoqlara yuxarı-aşağı oxşar olanlar ilə qarşılaşmısınız. Əminəm ki, çox zaman da özünüzün doğrudan da huşsuz, şizofren olmağa belə inandırdığınız zamanlar olub. Əslində isə, bunun ingilis dilində bir qarşılığı var, “to gaslight someone” adlanır, hər-hansı fərd üzərində tətbiq edilən psixoloji manipulyasiyadır. Yəni, olmayan bir hadisə haqqında danışırlar və sizi də ona inandırmağa çalışırlar. Manipulyatorlar çox professional yalan danışmağı bacarırlar, bədən dili və səs tonlarından məharətlə istifadə edirlər. Manipulyasiyanın bir sıra texnikaları var, istər ailədə, istərsə də ikili münasibətlərdə, siyasətdə belə manipulyatorlara rast gəlmək olar. Əlbəttə ki, bizim prizmamızdan belə hərəkətlər heç də etik deyil. Amma təəssüf ki, bir başqasından faydalanmaq üçün belə yola əl atanlar mövcuddur.
Təsəvvür edin ki, bu gün koronavirus epidemiyası belə demək mümkünsə baş alıb gedib. İndi tanıdığımız insanların belə virusa tutulduğunun şahidi oluruq. Bir düşünün siz virusun heç bir əlamətləri olmadığı halda özünüzü gündəlik iş stressindən sonra yorğun hesab edirsiniz. Sizin yaxın dostunuz deyir ki, “Gözümə heç də yaxşı dəymirsən, bəlkə koronavirussan? Nələr hiss edə biləcəyinizi bir düşünün”.
Psixoloqların qazlaytinqin fərdin şizofrenliyə aparıb-aparmaması ilə bağlı şübhələri var. Amma onlar tövsiyə edirlər ki, yaxşı olar ki, belə manipulyatorlara yerindəcə suallar verəsiniz və bildirəsiniz ki, deyəsən sənin məqsədin məni şizofren və ya xəstə etməkdir. Onu deyim ki, siz suallar verməyə başladığınız anda manipulyatorun başqa bir silahı qalmır. Çünki, ən böyük silahı sual verməyi əlindən aldınız.
Sırf bu sözün mənasını öyrənmək üçün 1944-cü ildə çəkilən və hadisələrin 1800-ci illərdə cərəyan etdiyini göstərən gözəl aktrisa İnqrid Berqmanın çəkildiyi və iki dəfə OSKAR-a mükafat görüldüyü “Gaslight” filmini izlədim. Filmin rejissoru Corc Kyukordur. Film ağ-qara üslubda çəkilib, ordakı dialoqların tamlığı və dolğunluğu insanı bir filmə yenidən və yenidən baxmağa təşviq edir. Berqman filmdə Paula Alquist obrazını canlandırır. Yetim olan Paula xalası Alisin Londondakı mülkündə yaşayır. Xalasının evdə öldürüldüyünün şahidi olduqdan sonra, Londonu tərk edir və o evə qayıtmır.
Amma bir gün Gregory Antona (filmdə obrazı aktyor Charles Boyer – Çarliz Boyer canlandırır) aşiq olur. Qısa bir tanışlıqdan sonra onunla evlənir və Greqori-nin (Qreqorinin) təkidindən sonra, xalasının mülkünə Londona qayıdır. İlk əvvəllər evliklikləri əla gedir, Qreqori onu manipulyasiya edəndə belə, o yenə də onu çox doğru hesab edir, fikirləşir ki, problem özündədir. Halbuki, yuxarıda da yazdığımız kimi, Qreqorinin təkcə bir məqsədi olur. Spoiler vermirəm, filmə özünüz baxarsınız. Unutmamışdan deyək ki, manipulyatorların onunla eyni fikirdə olan əhatəsi olur. Beləliklə, qarşıdakı şəxsdən istədiyini almaq üçün müddəti daha da sürətləndirir. Filmdə isə manipulyator ər – Qreqorinin köməkçiləri özləri də bilmədən evdəki qulluqçular olur.
Onilliklər keçsə də psixoloji manipulyasiya, qazlaytinq, manipulyator ən populyar ifadələr olaraq qalmaqda davam edir. Yəqin ki, onlarla yaşamağa davam edəcəyik. Bəs necə mübarizə aparaq? Məncə, onlar ilə mübarizə aparmaq üçün ən effektiv yol, şübhəyə düşdüyünüz və sizə sayğı göstərmədiyi anda güzgü effekti ilə eynisini qarşıdakına hiss etdirməkdir. Siz bununla, ona deyəcəksiniz ki, bax mən hər şeyin fərqindəyəm. Amma yaxşı olar ki, üslubunuz çox soyuqqanlı olsun. Yoxsa, haqlı ikən, haqsız vəziyyətə niyə düşəsiniz ki?
Çalışın, özünüzü manipulyatordan qoruyun,
Xoş həftəsonu...
Ülviyyə Əlizadə