Koronavirus terminini artıq obrazlı desək ümumişlək terminlər siyahısına əlavə edə bilərik. 7 aya yaxındır ki, dünya mediasının və ölkəmiz Azərbaycanın gündəmini zəbt edən koronavirus özü özlüyündə şirkətlərin insan resurslarının dəyişdirilməsinə də səbəb oldu. Təbii ki, böhran dalğası nəticəsində 100 milyondan çox insan (dünya üzrə) öz iş yerini itirdi, minlərlə kiçik və orta müəssisələr iflasa uğradı. Hər bir dövlət isə bu böhranın qarşısını almaq üçün bizneslərə və əhaliyə yardım paketlərini təsdiq etdilər və icrasına başladılar. Hər bir ölkə özü özlüyündə gücü çatdığı qədər yardım paketinin daha böyük olmasını təmin etdi. Ümumilikdə isə iqtisadiyyata yardım paketlərinin 3 mərhələli olunması qeydə alınmışdır.
1) Virusun iqtisadiyyata dağıdıcı təsirini azaltmaq;
2) Virusdan zərər görmüş bizneslərə və şəxslərə obrazlı desək özünə gəlməsi üçün dəstək olmaq;
3) Karantin sonrası mərhələ və biznesin inkişaf etməsi üçün zəruri dəstək göstərmək.
Koronavirusun şirkətlərə olan ziyanlarını ölçmək hazırda tam mümkün deyildir, çünki virus hələ də davam edir və davam etdikdə iqtisadi fəsadları da artmaqdadır. Bir çox ölkələr artıq inkişaf artımlarını açıqladığını qeyd etsə də ümumilikdə dünya üzrə ölkələrdə iqtisadi artım ən aşağı səviyyədə qalmaqdadır. Bu il dünya üzrə Ümumi Daxili Məhsul 7% miqdarına aşağı düşəcəkdir. Qeyd edim ki, bu qədər aşağı düşmə, hətta İkinci Dünya müharibəsində belə qeydə alınmamışdır. Yəni, belə təsvir edə bilərik ki, insanlıq tarixi bu qədər depressiyanı yaxın 100 ildə görməyib.
Virusun bizneslərə vurduğu ziyanı isə 2 aspektdən dəyərləndirmək lazımdır:
1) Biznesin gəlirləri ciddi şəkildə aşağı düşdü (aptek, qida və s. bizneslərə aid deyil. Bu bizneslər heç bir addım atmağıdı halda inkişaf etdi)
2) Bizneslərin gəlirləri düşdüyünə görə paralel şəkildə işçilərin ixtisarı və əmək haqqılarının aşağı salınması qərarları alındı
Biznesin gəlirlərinin aşağı düşməsi təbii ki, bizneslərin ayaqda qalmasına çox ciddi təsir göstərdi. Gəliri azalan və ya olmayan biznes isə təbii olaraq xərclərindən kəsmək məcburiyyətində qaldı. Xərclər, əsasən icarə haqqı, ümumi inzibati xərclər ən əsası isə işçilik xərclərindən azaldıldı. Təbii ki, belə dövrdə işçilərdə şirkəti anlamalı və böhranın hər kəsə ziyan vurduğunu başa düşməlidir. Şirkət isə çətin dövrdə öz işçisinin yanında olmalıdır. Gözəl dövrdə, pulun yaxşı qazanılan olduğu dönəmdə təbii ki, şirkət işçisinə yaxşı əmək haqqı verə bilir. Lakin çətin dövrdə də şirkətdə işçini anlamalı və ona bacardığı qədər dəstək olmalıdır. Burada isə ən böyük yük İnsan Resurslarının üzərinə düşür. İnsan Resursları bu çətin dövrdə işçiləri pul motivasiyası ilə sevindirməsi çətin olsa belə qeyri/maddi motivasiya növləri ilə işçilərin pozitiv ruhlarını olduğu kimi saxlamalıdır. Məhz sizi əmin edə bilərəm ki, çətin dövrdən uğurla çıxan şirkətlər digər dövrlərdə çox möhkəm şirkətlərə çevrilirlər. İnsan Resurslarına bu dövrdə düşən bəzi nüanslar aşağıdakı kimidir:
1) İşçiləri daim motivasiyada saxlamaq;
2) İşçilərlə fərdi qaydada İR nümayəndələrinin, lazım gələrsə şirkət rəhbərliyinin görüşülməsinin təmin edilməsi;
3) Qeyri/maddi olsa belə işçilərin öz pozitiv ruhlarını qorumaq üçün addımların atılması (xoş məktublar ola bilər, gələcəyə yönəlik gözəl mesajlar verilə bilər, hər hansı işçinin şad günü olarsa ona xoş sürprizlər etmək ola bilər və s.)
4) İşçiləri mümkün olduqca ixtisara salmamaq. Bildiyimiz kimi şirkətlərin və xüsusilə də bəzi İnsan Resursları böhran olduqda dərhal işçi ixtisarını təklif edir. Lakin əmək haqqı siyasətini dəyişməklə, işçinin iş vaxtında müvafiq dəyişməklə işçiləri praktikada işdə saxlamaq mümkündür. Ən pis halda isə şirkət əməkdaşlarına şirkətin büdcəsi hesabına müvəqqəti əmək haqqı verilə bilər.
5) Əməkdaşların əmək haqqısını saldıqda onlarla birbaşa əlaqəyə keçilərək, bunun müvəqqəti hal olduğunu bildirmək.
Sadaladığımız xüsusiyyətlə nə qədər sadə görünsə belə praktikada tətbiqi bir qədər vaxt alır. Şirkətlər öz xərclərinə baxarkən ən prioritet sahələrdən heç zaman kəsintiyə yol verməməlidir. Buna misal olaraq təlim xərcləri ola bilər. Ola bilər bu yük kimi görsənə bilər, lakin böhranlı dövrdə təlim/tədris xərclərinin azaldılması, post-böhran mərhələsində şirkətin inkişafına gətirməyəcəkdir. Xüsusilə məhz böhranlı dövrdə şirkətlər təlim/tədrisə xüsusi diqqət ayırmalı və işçilərin inkişafı üçün əlindən gələni əsirgəməməlidir.
İlkin Mirzəzadə, blogger, İR mütəxəssisi