Öncə onu qeyd etmək istərdim ki, bloq deyəndə ilk olaraq bir çoxunun ağlına - yüksək qiymətə hazırlanan sayt, yaxşı dizayn yada düşür. Razıyam, bu faktorlar bloqa olan marağı artırır, amma hər şeyi həll etmir. Maliyyə çatışmazlığı, bu işlə məşğul olmaq istəyənləri ruhdan sala bilər. Bu barədə, müəyyən təkliflərim var:


1. Wordpress.com, Blogspot.com və digər bu tipli saytlar vasitəsilə biz öz bloqumuzu ödənişsiz olaraq yarada və istədiyimiz dizaynı burda tətbiq edə bilərik. Artıq bizim maliyyə barədə düşünməmizə ehtiyac qalmır. Təkcə, maraqlı və sevilən, istədiyimiz paylaşımları etmək üçün çalışmaq lazımdır.


2. Bu işə ciddi yanaşsaq, zamanla gəlir əldə etməyə başlaya bilərik. Gəlir isə bizi daha da ruhlandıracaq. Müəyyən müddət sonra bizim kütləmiz, daimi izləyicilərimiz yaranacaq. Sonra sponsorlar tapılacaq. İlk başlarda olan motivasiyanı qorusaq, bu iş bizə böyük uğurlar gətirə bilər. Kütləni itirməmək, daha da inkişaf etdirmək üçün daimi paylaşımlar etmək, izləyicilərin fikrini daha çox önəmsəmək, iqtisadi perioda uyğun müəyyən paylaşımlar etmək lazımdır.


3. Bloq yazmaq, "öyrətdikcə daha çox öyrənirik" cümləsini sübut edir. Yazar, bloq sayəsində daim inkişaf edir və bu onun motivasiyasının enməsinə izn vermir. Hər yeni məqalə, yeni bir araşdırma-yeni bilgilər deməkdir. Karyeramızda və CV də bloq yazarı olmağımızın diqqət çəkəcəyini, önəmli olacağını düşünürəm eyni zamanda.


4. Böyük hədəflərə aparan yol, bəzən kiçik addımlarla gedilər ilk başlarda. Gələcəkdə özünü inkişaf, biznes və iqtisadi yönümlü kitab yazmaq istəyəriksə, bu gün bloq yazarı olmaq yaxşı vərdiş və təcrübə yaradacaq. Fikrimcə, bloqda müəyyən kütlə yarandıqdan sonra, təlimlər keçmək (əgər bu sahəyə marağımız varsa) daha effektli olacaq.