Azərbaycanda “Gənc valideynlərin sahibkarlıq bacarıqlarının artırılması” mövzusunda təlim keçiriləcək. “Erasmus+” layihəsi çərçivəsində maliyyələşdirilən “Gənc valideynlərin sahibkarlıq keyfiyyətlərinin artırılması” kampaniyası müxtəlif ölkələrdə keçirilən təlim və konfranslar vasitəsilə gənc valideynlərin sahibkarlıq bacarıqları, o cümlədən, fəaliyyət göstərən və potensial təlimçilər, müəllimlər, mentor və gənclər sahəsində çalışan işçilərin peşəkar bilik və bacarıqlarının artırılmasını nəzərdə tutur.


Əsas şüarı “Bacarıqlı gənc valideynlər işıqlı gələcəyin təminatçısıdır!” olan kampaniyanın məqsədi gənc valideynlər arasında sahibkarlıq bacarıqlarının müstəqil şəkildə yayılması, gənclərlə çalışan müəllim və işçilərin kvalifikasiyanın və dünyagörüşünün artırılması, könüllülük və mentorluq fəaliyyətlərinin təbliğ edilməsi, gənc valideynlər üçün rol modellərinin yetişdirilməsi, gənc valideynlərin özünüməşqulluq fəaliyyətinə cəlb olunması üçün daimi əsasda həvəsləndirilməsi, cəlb olunma və dayanıqlı inkişaf vasitələrinin tətbiqi ilə müxtəlif üsullarla sosial ünsiyyət və məlumat mübadiləsinin təkmilləşdirilməsidir.


Qeyd edək ki, bu kampaniyanın sayca 4-cü praktiki təlimi ötən ilin dekabr ayının 15-22-si tarixlərində Ukraynanın İvano-Frankovsk şəhərində keçirilib. Praktik təlim çərçivəsində Azərbaycan, Ukrayna və İtaliyanı təmsil edən 21 gənc valideyn 8 gün ərzində öz bilik və bacarıqlarını inkişaf etdiriblər, yeni biznes ideyaları və əməkdaşlıq üçün yeni biznes tərəfdaşları qazanıblar. Azərbaycanı təmsil edən 7 gənc sahibkar müxtəlif sahələri, o cümlədən onlayn təhsil, idman, informasiya texnologiyaları, qənnadı məmulatları biznesi və bir sıra digər sahələri əhatə edir.


Təlimin Azərbaycandan olan iştirakçısı Elçin Niyazov qeyd edib ki, bu cür layihələrdə iştirak etməyin bir çox üstünlükləri var. “Mənim üçün bu təlim çox böyük təcrübə mübadiləsi imkanı, rəngarəng mentalitetə və müxtəlif bizneslərə münasibətin öyrənilməsi üçün əvəzsiz şans idi.


Təlimdən sonra o qədər motivasiya toplamışam ki, faktiki məşğul olduğum biznesdən başqa fikrimdə olan bir çox biznes ideyaların bir neçəsini reallaşdırmağa qərarlıyam. Təlim çərçivəsində Ukraynadan olan yoldaşlarla birgə biznes qurmaq ideyası yaranıb. Bunu da mütləq edəcəyik.


Təlim sırasında təlimçilərin təklifi ilə bir gün səhər təlimində ‘’Biznesdə düzgün hədəf kütləsinin seçilməsinin əhəmiyyəti’’ mövzusunda mən öz təcübəmi paylaşdım. Bu da öz növbəsində iştirakçıların rəğbətini qazanan mövzulardan oldu. Ümumiyyətlə, səfərdən bol təcrübə, maraqlı təəssüratlar və gözəl dostlar qazanmaqla vətənə öz töhfəmizi vermək üçün geri döndük”.


Təlimlər zamanı yerli ölkənin mədəniyyəti ilə tanış olmaq üçün bütün şərait yaradılmışdır. Belə ki, Ukraynada təşkil edilən təlim çərçivəsində iştirakçılara Ukraynanın istənilən şəhərində gəzmək imkanı yaradılıb. Təlimin bütün təşkilatı xərcləri, o cümlədən qidalanma, aviabilet və yaşama xərcləri təşkilatçılar tərəfindən qarşılanıb. Əlavə olaraq, 10 yaşınadək uşağı olan valideynlər təlimə uşaqları ilə birlikdə qatılıblar. Valideynlərin təlimdə iştirakı zamanı uşaqların əylənməsi və təlimə maneçilik törətməməsi, eləcə də valideynin uşaqla asudə vaxtının səmərəli və maraqlı keçirməsi üçün bütün şərait yaradılıb.


Bildirək ki, “Gənc valideynlərin sahibkarlıq keyfiyyətlərinin artırılması” mövzusunda növbəti təlimlər Azərbaycanla yanaşı, İtaliya və digər ölkələrdə keçiriləcək.


Təlimlərdə iştirak etmək istəyən gənc vaideynlər “Erasmus+” layihəsinin bu kampaniyası çərçivəsində Azərbaycanı rəsmi təmsil edən “Unistudy”- Xaricdə Təlim Mərkəzinin facebook səhifəsini izləyə, unistudy.baku@gmail.com email ünvanı və ya 055 200 89 39 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.