İsveçin nəhəng geyim şirkəti olan H&M yeni top-menecer təyinatını elan edib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni top-menecer şirkətin multikulturalizm və qeyri-diskriminasiya siyasəti üçün cavabdeh olacaq.



H&M rəhbərliyə gətirilən yeni şəxsin adını açıqlamır. Amma şirkətin rəsmi nümayəndələri söz verir ki, bu haqda təfərrüatlar qısa zamanda açıqlanacaq.



H&M şirkətinin də mesajında deyildiyi kimi, yeni rəhbər təyinat şirkətin inkişafı üçün əhəmiyyətlidir.


Şirkət əmin edir ki, “qara” dərili model ilə aparılan kampaniya qəsdən deyildi: “Amma bu şirkətin beynəlxalq məsuliyyətini də nümayiş etdirmiş oldu”.


“Marka öz niyyətinin ciddiliyini qlobal arenada sübut etmək üçün də məhz yeni rəhbər vəzifəsi elan edib”, - deyə açıqlamada deyilir.


Xatırladaq ki, biznesdə, xüsusilə də reklam sektorunda bu vəzifə Chief Diversity Officer adlanır. Belə mütəxəssislərin vəzifəyə gətirilməsi isə əksər hallarda seksizm və irqçiliklə bağlı ittihamlar ilə bağlıdır. Həmin mütəxəssislərdən tələb olunan isə ittihamlara operativ və düşünülmüş cavab verməkdir.


Qeyd edək ki, H&M markası ətrafında qalmaqal yanvarın əvvəlində başlanılıb. Şirkət onlayn platforması üçün hazırlamış olduğu reklam kampaniyasında zənci, azyaşlı modelin geyinmiş olduğu köynəyin üzərində “Coolest monkey in the jungle” sözləri yazılmışdı. Yəni, meşədəki ən havalı meymun. Bu isə haqlı olaraq insanlar və mətbuatın qəzəbinə səbəb olmuşdu. Şirkətin bir çox məşhur reklam siması amerikalı reper G-Eazy və kanadalı müğənni The Weeknd marka ilə olan əməkdaşlığına son qoymuşdu. Cənubi Afrika Respublikasında (CAR) isə şirkətin mağazaları aktivistlərin hücumuna məruz qalmışdı.