Yazırlar » Cəlbedici başlıq fəlsəfəm
Tarix : 2017-08-16 16:29:03 | Baxılıb : 209
Font Ölçüsü:   |  

Mən tanıdığım Məhərrəm bəli, marketinqi çox sevir. Amma mütaliəni, ədəbiyyatı, ictimai publisistikanı da az sevmir. Ara-sıra ictimai mövzulara müraciət edir, yazır. Sizə bir sirr də açım. Aylıq olaraq təkcə marketinqə aid xeyli mütaliə edirəm, amma son zamanlar hər oxuduğumu paylaşmaq istəmirəm. Birinci ona görə ki, xəbər vermək yox, dəyər yaratmağa üstünlük verirəm. Məlumat ötürülməsi xəbərdir – jurnalistikada belədir. Mən məlumatı ötürmək istəmirəm. Ötürülən məlumatda dəyər yaratmaq və paylaşmaq həvəsi daha böyükdür.Amma görürəm ki, bu gün bir çox bloqlarda ən azı mənim yarım ay öncə sıradan bir xəbər kimi oxuduqlarım bloq şəklində yazılır və müzakirə edilir. Ola bilər ona da ehtiyac var, amma öz adıma o mərhələ artıq mənim üçün maraqsız gəlir.

Nəisəki mövzum bu deyil. Bu gün marketinqdən falan yazmaq istəmirəm. Yayın ən maraqlı yeməklərindən biri qarpız-pendirdir. Həzmi asan, qiyməti münasib, sərinlədici. Bu yazımı da ictimai mövzuya həsr edirəm ki, həm həzmi asan olsun, həm özüm düşüncələrimi paylaşım, həm də yay əhvalına uyğun ağır olmasın, sərinlətsin. Birdəki pulsuz oxuyursunuz da nəyi pisdir ki!

Cəlbedici başlıq fəlsəfəsi nədir?

Bu adı özümdən “uydurdum”. Yəqin ki, tez-tez bu ifadəni eşdirik. Bu mövzuya nəsə cəlbedici başlıq qoy, diqqət çəksin falan. Bəli, biz diqqət çəkmək üçün cəlbedici başlıqlardan istifadə edirik. Bu gün mən də bu “fəlsəfə” qanununa riayət edib demək istədiyim, paylaşmaq arzusunda olduğum fikirləri cəlbedici başlıqlar vasitəsilə çatdırmağa çalışacam. Belə daha yaddaqalan olacağına ümidvaram :) Beləliklə, getdik. Bu yazıda Siz mənim cəlbedici başlıqlarımın nələr olduğundan agah olacaqsınız.

Başına gələni SEV

Dünyada ən pis hiss peşmançılıqdır. Səni həmişə bəlkələrlə imtahan edir, boş-boşuna ümidləndirir, eyni zamanda tənbəlləşdirir. Yeni başlanğıclardan çəkinməyə başlayırsınız. Çünki bir daha peşman olmaq istəmirsiniz. Peşman olmamağın yolu başına gələni sevməkdən keçir. Siz bir şey istəyirdiniz, başqa şey oldu. Olsun. Onu da sevin. Onunla da ayaqlaşmağa çalışın. Hətta bu dərd olsa belə. Dərd belə gəlsə, qapıda saxlamayın, qoyun hətta ayağını da çıxarmasın. Evinizə ayaqqabılı girsin, problem deyil. Problem olan başınıza gəlib artıq. Ayaqqabılı gəlsə nə olacaq, gəlməsə nə olacaq. Narahat olmayın. Kədərdirsə dözüləcək, yoldursa gediləcək, qismətdirsə, yaşanılacaq.

Hər kəs ürəyinin haqqını yaşayır

Maraqlı bir hind məsəli var. Çoxdan oxumuşam, amma təxmini belədir. Günlərin bir günü bir siçan pişiyin qorxusundan birtəhər olur, depressiyaya düşür. Dostları bunu bir sehrbazın yanına aparırlar. Sehrbaz deyir ki, gəl səni elə pişik edim. Pişik olanda daha pişiklərdən qorxmayacaqsan. Nəisəki siçan dönür olur pişik. Amma qorxu və şübhələri hələ də keçmir. Dostları yenə maraqlanırlar, bu dəfə isə həmin əvvəlki siçan deyir ki, bəs indi də itlərdən qorxuram. İtlər pişikləri qovur, göz verib işıq vermir. Yenə sehrbazın yanına gəlirlər. Sehrbaz bu dəfə bir az da düşünüb deyir gəlin, birdəfəlik səni aslana çevirim. Ondan güclü heyvan yoxdur. Amma bu əvvəlki siçanın dərdi-səri yenə azalmır. Dostları, təəcüblə bu dəfə nə oldu deyə soruşanda siçan cavab verir ki, bəs indi də ovçulardan çox qorxur, onlar hər yerdə aslanı ovlamağa çalışırlar. Dostları yenə sehrbazın yanına gəlirlər. Sehrbaz çox düşünür və sonda qərara gəlir ki, siçana geri qaytarsın. Çünki problem nə olmağında deyil, onun ürəyindəki maneələrdədir. O varsa, siçan kimi də qorxaq olacaqsınız, it olsa it kimi də, aslan olsa aslan kimi də. O zaman siz elə siçan olaraq qalmağa layiqsiniz, inciməyin. Bu misal bizə nə deyir?!

Siz özünüzü aciz görürsünüzsə, o zaman “olmazlar” maneəsini aşanlara hörmət edəcəksiniz. Onların ayağından tutub dartmayacaqsınız. Onların dalınca qeybət etməyəcəksiniz. Sənin edə bilmədiyini edənlərə, sənin ola bilmədiyindən olanlarla münaqişəyə girməyəcəksən, hər fürsətdə xaincəsinə hücum etməyəcəksən. Başqalarına palçıq atanda bulaşan ilk əlin özünüzünkü olduğunu biləcəksiniz.

Yalnız cəsarətsizlər bəhanələri sevir. Bəhanələr onların uğursuzluqlarını ört-basdır etmələri üçün oksigen rolunu oynayır. Hər şeyi onun üstünə atıb olduqları durumdan özlərini təmizə çıxarmağa çalışırlar. Halbuki istənilən uğursuzluq üçün min cürə səbəb ola bilər, amma bir tək belə bəhanə ola bilməz, olmamalıdır. Bəhanə istehsal etməyin. Bəli, bəli istehsal. Hətta konveyr üsulu ilə seriyalı istehsal. Kütləvi istehsal. Bugün Azərbaycan cəmiyyəti müxtəlif cür kütləvi bəhanələrlə baş qatır, zamanı yola verir. Filan şeyi etmək üçün filan şey yoxdur, bizdə bu yoxdur, bizdə düzələn deyil, filankəsin filankəsi var, əşşşi, məni belə şeylərə qatma tipli sözlərlə başqalarını yox, həm də özünü aldadır. Nə qədər köhnəlmiş fikir kimi səslənsə də, sizin 5 manat verib bir kitab almağınıza “masonlar mane olmur”. Tez-tez eşitdiyimiz bəhanələrdən biri də budur – kimlərsə getsin, biz gələk iş görək. Elə marketinqin özündə də arada belə mövzular açılır. Sizin iş görməniz üçün mütləq kimlərsə getməlidirmi, cənablar. Kim Sizə mane olur. Kim əlinizdən tutur, qoymur. Edin, göstərin, lap səhv edin, amma nəsə edin. İnanın ki, Sizin üçün çoox vacib olan nəsə, düşündüyünüz adamlar üçün mövzu belə olmaya bilər. Hədəfi çox yuxarıdan tutub sonra da aşağı enməkdə çətinlik çəkməyin.

Problemimiz bilirsiniz nədir? Nə özümüz kimi ola bilirik, nədəki özü kimi olanları sevməyə cəsarətimiz çatır.Bir cümlə, peçat, vse, vəssəlam, nə bilim no comment zad. Bir dəfə yazıçı dostumla söhbət edirdim. Dedi ki, məni bilirsən həm niyə çox sevirlər, həm də niyə zəhlələri gedir. Ona görə ki, mən onların bildiyindən də az bilirəm bəlkə də, amma mən istədiyimi deyə bilirəm, onlar yox. Buna görə də bəzən sevirlər, bəzən də kəskin nifrət bəsləyirlər. Məsələ qəliz oldusa, bir az sadələşdirək. İşini-gücünü atıb risk alıb xaricə köçən dostunuza, qohumunuza həm haqq qazandırırsınız, həm də onu ağılsızlıqda suçlayırsınız. Çünki Siz özünüzdə o cəsarəti tapa bilməmisiniz. Səbəb budur. Daha kobud deyək. 35 yaşında şəhərin ortasında tullana-tullana gəzmək istəyirsiniz, ucadan qışqırmaq istəyirsiniz, amma edə bilmirsiniz. Bunu edə bilənlərə isə “səydərək” damğası vura bilirsiniz həmin dəqiqə. İmkanınız olsa, daha doğrusu cəsarətiniz olsa, o dediyinizin yekəsi olarsınız, bəlkə də.

Siz əhatənizi təmsil edirsiniz

Bəli, hər kəs öz dostu, çevrəsi, mühiti ilə tanınır. Onlarla ayaqlaşır. Bacaranda əhatəsindən bir addım irəli də gedə bilir. Əhatənizdəki insanlar həyatınızın bir parçasıdır. Buna Siz icazə vermisiniz. Əgər belədirsə, o zaman seçiminizdə çox diqqətli olacaqsınız. Səhv edə bilərsiniz, normaldır. Amma səhvin təkrarı normal deyil. Təbii ki, gözləntiləri sıfıra endirdiyiniz müddətcə hər səhvi təlafi etmək daha asan olacaq. Amma razılaşaq ki, gözləntiləri həmişə sıfıra endirmək olmur. Birindən umursan, birindən küsürsən, birində haqqın, birində gözün olur və s. Amma bir şey dəqiqdir. Kinli, məkrli insanlardan uzaq olmaq lazımdır. Əgər o tip insanlara yaxşılıq etmək istəyirsinizsə, o zaman onlar haqqında nə düşündüyünüzü üzlərinə desəniz yaxşıdır. Nə bilirsiniz, bəlkə düzəldi?!Elə adamlar var ki, “necəsən?” desən, “nə demək istəyirsən?” deyə cavab verərlər. Hər sözdə bir məna axtaran, hər sözdən təhlükə gözləyən siyasətçilərdən uzaq olmaq lazımdır. Bu haqda dostlarla çox müzakirələr aparırıq. Amma mən yenə də fikrimdə qalıram ki, iş bacarma siyasətdən heç vaxt arxada qala bilməz. Birinci varsa, ikinci olmasa da yaşayarsan. Amma ikinci olub birinci olmasa, gec-tez üstü açılacaq.